Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyətində xalqımızın tarixi keçmişinin, mədəniyyətinin təbliği ilə bağlı maarifləndirmə işləri xüsusi yer tutur.
Fondun Azərbaycan, rus, ingilis dillərində nəşr etdirdiyi yeni kitab da bu sahədə görülən işlərin davamıdır.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Mübariz Xəlilovun “Albaniyanın tarixi, etno-mədəni hüdudları: qərb istiqaməti” kitabı tariximizin antik və ilk orta əsrlər dövrü barədə oxuculara ətraflı məlumat verir.
Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə nəşri olan kitabın yazılmasında əsas məqsəd Azərbaycan tarixinə dair geniş oxucu auditoriyasının bilik, məlumat dairəsini genişləndirməkdir. Elmi-populyar üslubda qələmə alınan bu əsər Albaniya dövlətinin tarix və mədəniyyətinin öyrənilməsi, ölkə vətəndaşlarının tarixi keçmişimizə dair biliklərinin artırılması, qədim dövrlərə aid abidələrimizlə tanışlıq baxımından əhəmiyyətlidir. Eyni zamanda, nəşr böyüməkdə olan nəsildə ulu babalarımızın yadigar qoyduqları mədəni irsə sahiblik hissinin formalaşmasına, onlarda doğma vətənə məhəbbət duyğularının, azərbaycançılıq məfkurəsinin formalaşmasına və Azərbaycan həqiqətlərinin xarici ölkələrdə tanıdılması və yayılmasına xidmət edir.