Avqustun 15-dən etibarən ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayıb.
Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Bu il ali məktəblərə keçirilən yerləşdirmənin nəticəsində qəbulolma 85,37 faiz təşkil edib. Birinci mərhələnin nəticəsinə əsasən, 6 min 242 (14,63 faiz) yer boş qalıb. Dövlət ali təhsil müəssisələrində vakant yerlərin sayı 3 min 663 (10,06 faiz), özəl ali təhsil müəssisələrində isə 2 min 579 (41,30 faiz) olub.Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi avqustun 19-dək internet vasitəsilə aparılacaq.
Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının səkkizinci nömrəsində, orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının beşinci nömrəsində dərc edilib.