AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən “Risalə” araşdırmalar toplusunun XIII cildi nəşr olunub.
Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə muzeydən məlumat verilib.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabın redaktoru muzeyin direktoru, akademik Rafael Hüseynovdur. Muzeyin beş topludan ibarət elmi-tədqiqat “Xəmsə”sinə daxil olan “Risalə” toplusunun bu cildi akademik Rafael Hüseynovun rəhbəri olduğu gənc alimlərin məqalələrindən tərtib edilib. Məqalə müəllifləri arasında elmlər doktorları, fəlsəfə doktorları, dissertasiya müdafiəsinə hazırlaşan gənc tədqiqatçılar var. Cilddə yer alan “Klassik irs: tarixi və nəzəri problemləri”, “Yeni və müasir dövrdə ədəbi-mədəni proses”, “Tarixi-mədəni abidələrin qorunması və tədqiqi. Muzeyşünaslıq” başlıqlı məqalələr ən qədim və müasir Azərbaycan ədəbiyyatı və mədəniyyətinin aktual problemlərini əhatə edir.
Nəşrin redaksiya heyəti filologiya elmləri doktorları Kamil Allahyarov, Xatirə Bəşirli, Şəfəq Əlibəyli və Aidə Qasımovadır.
Qeyd edək ki, “Risalə” toplusu ildə bir dəfə nəşr olunur. Toplu məzmun etibarilə klassik, müasir ədəbiyyat, fəlsəfə, mədəniyyət problemləri, həmçinin muzeyşünaslıq məsələlərini əhatə edir.