İyulun 24-də Təhsil Nazirliyində “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində başlanan yay məktəbi ilə bağlı mətbuat konfransı keçirilib.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda təhsil nazirinin müavini Firudin Qurbanov yay məktəbi barədə məlumat verib. Bildirilib ki, yay məktəbinin məqsədi bölgələrdə yaşayan və ya təhsil alan, akademik göstəriciləri orta olan tələbələrin karyera inkişaflarına, eləcə də dünyagörüşünün formalaşmasına təsir etmək, onlara informasiya texnologiyalarından istifadədə, iş seçimi və axtarışında kömək göstərən bilik və bacarıqlar verməkdir.
İyulun 31-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin səkkiz bölgəsində yaşayan gənclər karyera və fərdi inkişaf təlimlərində, intellektual yarışlarda iştirak edəcəklər.
Bakı şəhərindən yola düşən “Təhsil avtobusu - 2017” Quba-Masallı-Sabirabad-Gəncə-Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət edəcək.