Şagirdlər ev tapşırığını ChatGPT-yə yazdırır - Təhsildə yeni təhlükə

Şagirdlər ev tapşırığını ChatGPT-yə yazdırır - Təhsildə yeni təhlükə backend

Son dövrlər məktəblərdə süni intellekt alətlərindən istifadə, xüsusilə şagirdlərin "ChatGPT" vasitəsilə ev tapşırıqlarını hazırlaması aktual müzakirə mövzularından birinə çevrilib. Süni intellekt tədris prosesində şagirdlərə məlumat əldə etmək və mövzuları daha yaxşı anlamaq baxımından kömək etsə də, tapşırıqların birbaşa bu alətlərlə edilməsi onların müstəqil düşünmə və öyrənmə bacarıqlarına təsir edir. Bəs şagirdlərin ev tapşırıqlarını süni intellekt vasitəsilə yerinə yetirməsi bilik səviyyəsinə necə təsir edir? Məktəblərdə süni intellektdən istifadənin qaydalarının müəyyənləşdirilməsinə ehtiyac varmı?

Qaziler.az xəbər verir ki, məsələ ilə bağlı "Trend.az"a açıqlamasında təhsil eksperti Elmin Nuri qeyd edib ki, hazırda ChatGPT və digər süni intellekt alətlərindən təhsildə istifadə bütün dünyada əsas prioritetlərdən biri hesab olunur. Azərbaycanda da orta məktəblərdə və universitetlərdə süni intellektdən düzgün istifadə qaydalarının öyrədilməsi, bu sahədə maarifləndirmə işlərinin aparılması zəruridir.

""Coursera" və "Udemy" kimi beynəlxalq onlayn platformalarda süni intellekt alətlərinin təhsildə tətbiqi ilə bağlı müxtəlif kurslar təşkil olunur. Mən də həmin kursların bir neçəsindən faydalanmışam. Əsas məsələ süni intellektin təhsildə tətbiqinin zəruriliyindən daha çox, onun necə və hansı prinsiplər əsasında istifadə olunmasıdır. Süni intellekt şagirdə, müəllimə və valideynə kömək edən vasitə kimi çıxış etməli, lakin tədris prosesində diktəedici rol oynamamalıdır", - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, ChatGPT istifadəçinin istəyinə uyğun müxtəlif məzmunlar təqdim edə bilər.

"Məsələn, şagird bu alətdən tapşırığın məzmununu anlamaq, məlumatları sistemləşdirmək və mövzuya fərqli yanaşmaları öyrənmək üçün istifadə edə bilər. Eyni zamanda, ev tapşırığını özü yerinə yetirmək əvəzinə süni intellektə yazdırmaq da mümkündür. Süni intellekt alətindən hansı məqsədlə istifadə ediləcəyini insan müəyyənləşdirməli, bunun üçün müvafiq proqram və istifadə qaydaları hazırlanmalıdır.

Orta məktəblərdə süni intellektdən istifadə ilə bağlı xüsusi proqramın tətbiqinə və maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Bu yanaşma yalnız məktəblərlə məhdudlaşmamalı, universitetləri, elmi-tədqiqat müəssisələrini, alimləri, doktorantları və tələbələri də əhatə etməlidir. Tələbələr süni intellekt alətlərindən istifadənin müasir dövrdə uğur qazanmaq üçün əhəmiyyətini anlamalı, eyni zamanda bu vasitələrdən həddindən artıq asılılığın mənfi nəticələrini də dərk etməlidirlər. Onun sözlərinə görə, əsas məqsəd süni intellektdən istifadə ilə insanın müstəqil düşünmə və öyrənmə bacarıqları arasında tarazlıq yaratmaqdır”, – deyə ekspert bildirib.

O əlavə edib ki, Azərbaycanda bu istiqamətdə işlərin görülməsi artıq gecikir. Ekspertin fikrincə, orta məktəblərdə həftədə ən azı bir dəfə süni intellektdən düzgün istifadə qaydalarının öyrədilməsi məqsədəuyğun olardı.

"Süni intellektdən istifadəni kimin öyrədəcəyi məsələsi də ayrıca problemdir. Son üç-dörd ildə süni intellekt barədə geniş müzakirələr aparılsa da, bu sahədə təlim keçmək üçün zəruri bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasına daha çox diqqət yetirilməlidir. Sosial şəbəkələrdə süni intellektlə bağlı müxtəlif təlimlərə rast gəlinsə də, məktəblərdə və universitetlərdə bu sahədə sistemli tədrisin təşkili vacibdir. Həm orta məktəblər, həm də ali təhsil müəssisələri süni intellektin düzgün tətbiqi istiqamətində daha çevik addımlar atmalıdır", - deyə o bildirib.