Dövlət İmtahan Mərkəzi 2026-cı ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 6-da əlavə imtahan keçirib. Bundan başqa, Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı veriblər.
Bu Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Məlumata əsasən, imtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.
İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 47 nəzarətçi, 6 buraxılış rejimi (mühafizə) əməkdaşı və 7 bina nümayəndəsi ayrılıb.
İmtahanda 388 şagirdin iştirakı nəzərdə tutulurdu.
İmtahanda 8 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
İmtahan nəticələri 5 gün ərzində elan olunacaq.

