Abituriyentləri hansı ixtisaslarda yüksək rəqabət gözləyir?

Abituriyentləri hansı ixtisaslarda yüksək rəqabət gözləyir? backend

Bu il tələbə olmaq istəyən abituriyentləri ixtisas seçimi mərhələsində fərqli rəqabət gözləyir. Bəzi ixtisas qruplarında plan yerlərinin sayı və müraciət edənlərin artması keçid ballarına təsir göstərə bilər.

 

Mövzu ilə bağlı təhsil üzrə ekspert Elmin Nuri Trend-ə açıqlamasında bildirib ki, xüsusilə ikinci ixtisas qrupunda abituriyentlərin sayındakı ciddi artım rəqabətin daha da güclənəcəyini göstərir. Onun sözlərinə görə, bu ilki plan yerləri ilə ötənilki plan yerləri arasında artım və azalma tempi ilə əlaqəli ciddi fərq gözlənilmir:

 

"Bütün detalları əks etdirəcək “Abituriyent” jurnalının 4-cü sayının iyulun son günlərində və ya avqustun əvvəllərində çap olunacağı gözlənilir. Dövlət sifarişli və ödənişli plan yerləri, eləcə də ixtisas qrupları üzrə məsələlər jurnalın həmin sayında öz əksini tapacaq. Bundan əlavə, ayrı-ayrı ixtisas qrupları üzrə statistik bülletenlər də çap olunacaq və qruplar üzrə vəziyyət tam şəkildə təqdim ediləcək.

 

İxtisas qrupları üzrə qiymətləndirmələrə gəlincə, bu il ikinci ixtisas qrupu çətinlik və ixtisas seçimində rəqabətlilik baxımından digər qruplardan fərqlənəcək. İkinci ixtisas qrupunda vəziyyəti həmişə stabil görmüşük. Lakin bu il həmin ixtisas qrupu üzrə vəziyyət elə də ürəkaçan olmayacaq".

 

İkinci ixtisas qrupunda abituriyentlərin sayının rekord artımı rəqabəti gücləndirəcək

 

Ekspert bildirib ki, ikinci qrupda rəqabət daha güclü olacaq:

 

"Bunun birinci səbəbi bu il həmin qrup üzrə qeydiyyatdan keçənlərin sayının rekord həddə çatmasıdır. Müqayisə üçün deyim ki, üçüncü ixtisas qrupu üzrə artım cəmi 75 abituriyentdir. İkinci ixtisas qrupunda isə bu rəqəmin 3 mindən çox olduğunu nəzərə alsaq, müqayisə özü hər şeyi deyir. Birinci ixtisas qrupunda bəzi İT yönümlü ixtisaslar üzrə keçid balları arta bilər. Birinci ixtisas qrupunun riyaziyyat-informatika altqrupunun çətin keçəcəyi və həmin altqrupa aid doqquz ixtisas üzrə keçid ballarının artacağı gözlənilir. Burada bal artımı ola bilər. Xüsusilə İT yönümlü ixtisasların keçid ballarında artım müşahidə oluna bilər.

 

Üçüncü ixtisas qrupunda müəllimlik ixtisasları üzrə rəqabətin artacağı gözlənilir. Üçüncü ixtisas qrupunda vəziyyət ümumilikdə stabil olsa da, pedaqoji ixtisaslarla bağlı məsələdə ciddi yanaşmaq lazımdır. Pedaqoji və müəllimlik ixtisaslarının plan yerlərinin ildən-ilə azalması rəqabəti gücləndirə və keçid ballarının artmasına səbəb ola bilər.

 

Dördüncü ixtisas qrupunda bəzi qeyri-tibbi ixtisaslar üzrə keçid balları azala bilər. Dördüncü ixtisas qrupu müəyyən stabilliklə fərqlənəcək. Burada bəzi ixtisaslar üzrə keçid ballarının azalması müşahidə oluna bilər. Xüsusilə qeyri-tibbi ixtisaslar üzrə keçid ballarında azalma ehtimalı var".

 

Elmin Nuri hansı ixtisaslarda keçid balının dəyişəcəyini də açıqlayıb:

 

"İkinci ixtisas qrupu üzrə iqtisadi profilli ixtisaslarda — maliyyə, biznesin idarə edilməsi, marketinq, menecment, mühasibatlıq, iqtisadiyyat, beynəlxalq ticarət və logistika ixtisaslarında rəqabətin yüksək olacağı gözlənilir.

 

Üçüncü ixtisas qrupunda isə tarix, Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif və xarici dil müəllimliyi kimi müəllimlik ixtisasları üzrə keçid ballarında artım müşahidə oluna bilər.

 

Birinci ixtisas qrupunun RK altqrupuna, üçüncü ixtisas qrupunun isə DT altqrupuna aid bəzi ixtisaslar üzrə keçid ballarında azalma müşahidə oluna bilər. Həmçinin dördüncü ixtisas qrupunda qeyri-tibbi ixtisaslar üzrə də azalma ehtimalı var.

 

Plan yerlərinin sayı keçid ballarına birbaşa təsir edir. Keçid ballarının azalmasını və ya yüksəlməsini məhz plan yerləri müəyyənləşdirir. Plan yerləri, əslində, əmək bazarının göstəricisidir. Bu yerlər dörd ildən sonra həmin ixtisasa nə qədər kadr ehtiyacı olduğunu göstərən meyardır və keçid ballarına birbaşa təsir edir. Keçid balları ixtisas seçimi zamanı həmin ixtisasa müraciət edən abituriyentlərin sayı ilə o ixtisasa ayrılan plan yerlərinin ümumi nisbətindən formalaşır".

 

İxtisas seçimi zamanı yalnız ötənilki keçid ballarına əsaslanmaq düzgün deyil

 

Təhsil eksperti bildirib ki, ən böyük problem ondan ibarətdir ki, biz yalnız ötən ilin keçid ballarına baxaraq ixtisas seçimi edə bilirik:

 

"Ötənilki keçid ballarına baxmaq lazımdır, amma yalnız buna əsaslanaraq ixtisas seçimi etmək abituriyentləri səhv istiqamətə yönəldə bilər. İxtisas seçimi zamanı plan yerləri və dövlət sifarişi imkanları da nəzərə alınmalıdır. Əsasən plan yerləri, qruplar üzrə statistik göstəricilər dəyərləndirilməli və ixtisaslara ayrılan dövlət sifarişli yerlərin sayı nəzərə alınmalıdır. Bu detallar ixtisas seçimi zamanı abituriyentlər üçün daha düzgün seçim etməyə və yaxşı şans əldə etməyə imkan verə bilər.

 

Abituriyentlər ixtisas seçimi zamanı statistik məlumatlardan düzgün istifadə etməlidirlər. Birinci məsləhətim odur ki, abituriyentlər statistik məlumatlarla düzgün işləsinlər və ixtisas seçiminin qızıl qaydalarını düzgün mənimsəsinlər. Daha sonra bu prosesi mütəxəssislə birlikdə aparmaları məqsədəuyğundur. Mütləq şəkildə ixtisas seçimini mütəxəssisə həvalə etmək şərt deyil, amma bu sahə üzrə konsultasiya almaq vacibdir".