Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlandı

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin  nəticələri açıqlandı backend

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün 21 iyun 2026-cı il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının ikinci cəhdinin nəticələrini elan edib.

Qaziler.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1266 namizəddən 49 nəfəri imtahana gəlməyib.

221 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

Müsabiqə şərtini ödəyənlərdən 139 nəfər 4 və ya 5-ci kurs tələbələridir.Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

İyunun 21-də keçirilən imtahanda 27 nəfər bu ilin, 55 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 82 namizəd ikinci mərhələyə buraxılıb.

Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 769 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır..

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 23 iyun saat 10:00-dan 24 iyun saat 17:00-dək müraciət edə bilərlər.

Qeyd. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 9-da keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq "məqbul" nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.