“İstedadlar Akademiyası” layihəsi çərçivəsində rəssamlıq üzrə ustad dərsi keçirilib

“İstedadlar Akademiyası” layihəsi çərçivəsində rəssamlıq üzrə ustad dərsi keçirilib backend

“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin ofisində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “İstedadlar Akademiyası” layihəsi çərçivəsində rəssamlıq sənəti üzrə ustad dərsi (master-klass) təşkil olunub.

Qaziler.az xəbər verir ki, layihənin əsas məqsədi uşaq və gənclərin bədii-yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq, onlarda rəngkarlıq sənətinə maraq yaratmaq, yaradıcılıq bacarıqlarını inkişaf etdirmək və asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərməkdir.

Ustad dərsini qabaqcıl təhsil işçisi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, “RM Art Studio”nun direktoru, tanınmış rəssam-pedaqoq Rəsmiyyə Mahmudova keçirib. Təcrübəli rəssam uşaqlara rəsm sənətinin texniki və estetik xüsusiyyətlərini əyani şəkildə izah edib, kompozisiyanın qurulması, rənglərin harmoniyası, işıq-kölgə münasibətləri və fırça ilə işləmə texnikaları barədə ətraflı məlumat verib.

Praktiki məşğələ zamanı iştirakçılar böyük həvəslə öz təxəyyüllərini kağız üzərinə köçürərək müxtəlif mövzularda rəngarəng əsərlər hazırlayıblar. Uşaqların yaradıcılıq potensialı və sənətə olan marağı ustad dərsi boyunca aydın şəkildə müşahidə olunub.

Tədbirin sonunda rəssam Rəsmiyyə Mahmudova tərəfindən “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin ofisinə Azərbaycanın mədəniyyət paytaxtı olan qədim Şuşa şəhərinin təsvir edildiyi xüsusi əl işi – rəsm əsəri hədiyyə olunub. Həmçinin ustad dərsində fəal iştirak edən uşaqlara yaradıcılıqlarını təşviq etmək məqsədilə müxtəlif hədiyyələr təqdim edilib.

“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri Vüsalə Qələndərli çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, uşaqlara göstərdiyi diqqət və dəstəyə, eləcə də dəyərli hədiyyəyə görə rəssam Rəsmiyyə Mahmudovaya təşəkkürünü bildirib. O qeyd edib ki, bu kimi layihələr istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların yaradıcılıq imkanlarının genişləndirilməsi və cəmiyyətə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır və gələcəkdə də davam etdiriləcəkdir.