Ötən gün Azərbaycanda keçirilən “Kenquru” riyaziyyat müsabiqəsi ictimai müzakirələrə səbəb olub. 2-ci sinifdən 10-cu sinfə qədər təhsil alan şagirdlərin iştirak etdiyi imtahandan dərhal sonra sosial şəbəkələrdə paylaşılan bir video narazılıqla qarşılanıb.
Qaziler.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, müəllim İbrahim Şahbazlının hazırladığı və imtahan bitər-bitməz yayımlanan videoda sualların izahı və cavabları təqdim edilib.
Məsələyə reaksiya verən valideynlər isə həmin videonun əvvəlcədən hazırlanmış təsiri bağışladığını bildirirlər, bu ehtimal da sualların öncədən məlum olması məsələsini gündəmə gətirir. Sosial platformalarda səsləndirilən əsas iradlardan biri imtahanın şəffaflığı ilə bağlıdır. Çünki onlar hesab edirlər ki, imtahana düşən sualların əvvəlcədən müəllimə məlum olması bəzi şagirdlərin də hazırlıqlı olmaları ilə nəticələnib. Bu isə ədalətsizlik hesab olunub.
Bununla belə, əgər sualların əvvəlcədən əldə olunması ehtimalı varsa, bu halda ödənişli əsasda (20 manat) keçirilən müsabiqənin bərabərlik prinsipi sual altına düşür. Eyni zamanda, bəzi valideynlər müəyyən məktəblərdə şagirdlərin bu müsabiqəyə könüllü deyil, məcburi şəkildə cəlb olunduğunu da iddia edir.
Müzakirələrin fonunda adıçəkilən müəllim açıqlama videosu yayıb. O qeyd edib ki, “Kenquru” beynəlxalq müsabiqədir və müxtəlif ölkələrdə fərqli tarixlərdə keçirilir. İ.Şahbazlının sözlərinə görə, yarış bundan əvvəl martda Rusiyada baş tutub və sualları əldə etmək mümkündür. O, hər kəsin bu sualları asanlıqla əldə edə biləcəyini əlavə edib: “Rusiyada martın 19-da keçirilib. Çox güman, bizdə Novruz bayramına təsadüf etdiyi üçün o tarixdə baş tutmayıb. Suallar 80-90 faiz eyni olur, sadəcə adlar dəyişir. Bunu da indi bilirsinizsə, çox gülməlidir. Həmin sualları siz də tapa bilərsiniz. Əgər həmin ölkədə yaşayan yaxınınız, qohumunuz varsa və bu müsabiqədə iştirak edibsə... Çünki başqa cür əldə etmək o qədər də sadə deyil. Bu materiallar harasa yüklənsə, “Kenquru” heyəti bunu bloklayır. Səbəb isə müəllif hüquqlarının qorunmasıdır. Ona görə də bu sualları tapmağınız bir qədər absurddur. Yəqin ki, bir çoxunuz artıq axtarmısınız və tapa bilməmisiniz. Düşünmüsünüz ki, sızıntı var”.
Daha sonra o,“Claude” (red: süni intellekt əsaslı proqram) vasitəsilə axtarışlar apardığını və nəticə əldə etmədiyini də əyani şəkildə göstərib: “Mənim əlaqələrim çox olduğu üçün bu sualları əldə etmişəm, lakin bunlar sızıntı deyil. Suallar oxşardır, amma açıb əlinizdəki test kitabçası ilə mənim paylaşdıqlarıma baxsanız, fərqli olduğunu görəcəksiniz. Valideynlər narahatdılar ki, suallar paylaşılıb, şəffaflıq pozulub, belə deyil. Uşaqlar imtahandan çıxandan sonra mənə test kitabçalarının şəkillərini atıblar, baxmışıq, uyğunsuz olduğunu görüb daha sonra bu videonu paylaşmışıq. Deyəcəksiniz ki, video imtahan bitən kimi paylaşıldı. Bizim uşaqlardan imtahandan tez çıxanlar da olub”.
Mövzu ilə bağlı Təhsil İnstitutuna sorğu ünvanlamışıq.
Qeyd edək ki, “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsi 1994-cü ildən ildə bir dəfə olmaqla keçirilir. Azərbaycanda isə 2018-ci ildən Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən təşkil olunur. Aprelin 12-də II–X sinif şagirdləri arasında müsabiqənin birinci mərhələsi keçirilib. Həmin mərhələdə yüksək nəticə göstərən şagirdlər növbətiyə vəsiqə qazanacaqlar. Nəticələrin yaxın günlərdə elan olunacağı gözlənilir.



