"Mən kursa da gedirdim, amma əsas məsələ şəxsi hazırlıq planım idi. Özüm üçün gündəlik plan qurmuşdum və ona uyğun çalışırdım. Hər gün çoxlu sayda test işləyirdim, mövzuları təkrar edirdim. Məncə, uğurun əsas sirri məhz təkrar və çoxlu test işləməkdir. Eyni zamanda planlı şəkildə hazırlaşmaq çox kömək edir".
Bunu Oxu.Az-a müsahibəsində Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında ölkə üzrə ən yüksək nəticə göstərən Elvina Əliyeva deyib.

- Ən yüksək bal toplamaq sizin üçün necə bir hiss oldu?
- Mənə nəticə barədə xəbər veriləndə, açığı, özümün hələ bundan xəbərim yox idi. Dedilər ki, 96 bal toplayaraq birinci yeri tutmusan. Həqiqətən çox sevindim. Ən çox da ona görə ki, bu nəticə uzun müddət çəkdiyim zəhmətin və çox çalışmağımın bəhrəsi idi. Bu nəticəni görəndə özümlə fəxr etdim.
- Siz Bakı Ali Neft Məktəbinə də yüksək - 689 balla qəbul olunmusunuz. O vaxt yaşadığınız hisslə indiki arasında fərq var idi?
- Əslində, hər iki halda nəticə öz zəhmətimin sayəsində əldə olunub. Abituriyent vaxtı da çox çalışmışdım və yüksək bal toplamışdım. Bu dəfə də eyni şəkildə hazırlaşıb, əzm və səylə nəticə qazandım. Amma bir fərq var: o zaman ölkə birincisi deyildim (gülür - Ə.İ.), indi isə ölkə üzrə birincisi oldum. Bu, daha fərqli və qürurverici bir hissdir.
-Hansı ixtisas üzrə qəbul olmusunuz və hansı universitetdə oxumağı planlaşdırırsınız?
- İnformasiya təhlükəsizliyi ixtisası üzrə qəbul olmuşam. Böyük ehtimalla təhsilimi Bakı Ali Neft Məktəbində davam etdirəcəyəm.
- Nə qədər müddət hazırlaşmısınız?
- Təxminən beş-altı ay. Sentyabr ayından başlayaraq intensiv şəkildə hazırlaşmışam.
- Sirr deyilsə, ən çox üzərində işlədiyiniz fənn və ya mövzu hansı idi?
- Məntiq. İngilis dili mənim üçün bir qədər rahat idi, çünki təhsilim ingilis dilində olub. Amma məntiq sualları daha çox düşündürdüyü üçün bu fənnə daha çox vaxt ayırırdım.
- Bəs sevmədiyiniz fənn varmı idi?
- Açığı, sevmədiyim fənn yox idi. İmtahandakı üç fənn - ingilis dili, informatika və məntiq - hər üçü mənə maraqlı gəlirdi.
- İmtahanın çətinlik dərəcəsini beş ballıq şkala ilə necə qiymətləndirərdiniz?
- Beş deməzdim, amma düşündürücü idi. Bəzi suallar var idi ki, uzun müddət düşünməyi tələb edirdi. Ümumilikdə desəm, beş üzərindən dörd qiymətləndirərdim.
- Abituriyentlər və magistraturaya hazırlaşanlar üçün ən böyük problemlərdən biri vaxt məsələsidir. Sizcə, imtahana ayrılan vaxt yetərlidir?
- Mənə görə bəli, yetərlidir. Amma vaxtı düzgün bölmək çox vacibdir. Bəziləri məntiqə daha çox vaxt ayırır, bəziləri isə informatika və ya ingilis dilinə. Bu, artıq hər kəsin fərdi yanaşmasından asılıdır. Ona görə də tələbələr imtahan vaxtını düzgün idarə etməyə çalışmalıdırlar.
- Magistraturaya hazırlaşanlara nə kimi tövsiyələr verərdiniz?
- Ən vacibi planlı şəkildə hazırlaşmaqdır. Mövzuları qarışıq şəkildə oxumaq səmərə vermir və vaxt itkisinə səbəb olur. Tövsiyəm odur ki, çoxlu test işləsinlər, əvvəlki illərin imtahan suallarına baxsınlar və zəif olduqları mövzular üzərində daha çox çalışsınlar.
- Gələcək planlarınız nələrdir? Özünüzü harada görürsünüz?
- Mən artıq universitet vaxtından işləyirəm. Hazırda informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən "Prosol" şirkətində SOC analitik vəzifəsində çalışıram. Gələcəkdə də bu sahədə inkişaf etmək, özümü daha da təkmilləşdirmək və informasiya təhlükəsizliyi sahəsində önə çıxan mütəxəssislərdən biri olmaq istəyirəm.
- Sizə uğurlar arzulayıram.
- Təşəkkür edirəm.



