"Mirzə Qədim irsinin işığını paylaşaq" layihəsi çərçivəsində konfrans-sərgisi keçirilib

"Mirzə Qədim irsinin işığını paylaşaq" layihəsi çərçivəsində konfrans-sərgisi keçirilib backend

Dünən Binəqədi rayonu, R.Əliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Qərbi Azərbaycan İcmasının əsas tərəfdaşlığı ilə ərsəyə gətirdiyi "Mirzə Qədim irsinin işığını paylaşaq" adlı layihəsi çərçivəsində konfrans-sərgisi keçirilib.

Qaziler.az xəbər verir ki, məktəbin direktoru, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru Almaz Həsrət qonaqları salamladı və  bu möhtəşəm layihənin məhz onun rəhbərlik etdiyi təhsil ocağından başlanğıc götürməsindən qürurlu olduğunu bildirdi.

​Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin sədri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Sərdarlı qonaqları salamlayaraq, hər birinin 'Mirzə Qədim irsinin işığını paylaşaq' adlı konfransda görməkdən çox şad olduğunu bildirdi.  

Layihə rəhbəri-araşdırmaçı tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü İsgəndər Sərdarlı   layihənin məqsəd və məramını açıqlayandan sonra məktəblilərə Mirzə Qədim İrəvaninin zəngin mədəni irsi, yaradıcılığı, həyatı barədə ətraflı məlumat verdi.

​Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, tanınmış ziyalı, professor Misir Mardanov çıxışında layihəyə yüksək dəyər verərək, bu cür tədbirlərin Qərbi Azərbaycana Qayıdışa böyük töhfə verəcəyini bildirdi.

​ADPU-nun professoru Fərrux Rüstəmov bu cür layihələrin gənclərimizin milli ruhda formalaşmasında, gələcəyə yönəlik əhəmiyyətindən danışdı.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi, Mədəni və Yaradıcı Sənayelərin İnkişafı mərkəzinin My Grant layihəsinin koordinatoru Heydər Mirzəyev də iştirak etmişdir.