Bərdədə müəllimin sinif otağından çəkib paylaşdığı video araşdırmaya səbəb oldu - VİDEO

Bərdədə müəllimin sinif otağından çəkib paylaşdığı video araşdırmaya səbəb oldu - VİDEO backend

Bərdə rayonunun Lənbəran kənd tam orta məktəbində 11-ci sinif şagirdlərinin dərsə gəlməməsi müəllimin narazılığına səbəb olub.

Qaziler.az xəbər verir ki, bununla bağlı müəllimin çəkdiyi videogörüntü sosial şəbəkədə yayılıb.

Məktəbin fizika müəllimi bildirib ki, məktəb direktorunun qızı da daxil olmaqla 11-ci sinif şagirdlərinin heç biri dərsdə iştirak etməyiblər.

Qarabağ Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ nəzarətə götürülüb.

"Tərəfimizdən aparılan ilkin araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən gün 11-ci sinif şagirdləri altıncı saatda fizika fənn müəllimi Qasım Ramiz oğlu Hümbətovun icazəsi ilə evə buraxılıblar. Bu səbəbdən həmin dərs saatlarında şagirdlərin iştirakı qeydə alınmayıb.

Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən valideynlərlə söhbət aparılıb, aidiyyəti qurumlara müraciət edilib. Hazırda məktəbdə tədris prosesi gündəlik əsasda monitorinq olunur, əlavə nəzarət tədbirləri gücləndirilib.

Eyni zamanda, qeyd olunan videogörüntüləri paylaşan müəllim barəsində "Təhsil verənlərin etik davranış qaydaları"nın pozulması ilə əlaqədar müvafiq tədbir görülüb", - deyə məlumatda vurğulanır.