Məktəb direktorunun işə bərpa tələbi rədd edildi: Ali Məhkəmənin qərarı

Məktəb direktorunun işə bərpa tələbi rədd edildi:  Ali Məhkəmənin qərarı backend

Qazax-Tovuz Regional Təhsil İdarəsinin əmri ilə vəzifəsindən azad edilən, Ağstafa şəhəri A.Abdullayev adına 2 nömrəli tam orta məktəbin keçmiş direktoru Vəfa Tağıyeva işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət edib.

Qaziler.az "Teleqraf"a istinadən xəbər verir ki, direktorun şikayətinə baxan Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxlayaraq iddianı təmin etməyib.

Direktor hansı səbəblərlə işdən çıxarılıb?

Qazax-Tovuz Regional Təhsil İdarəsinin 18 sentyabr 2023-cü il tarixli əmri ilə Vəfa Tağıyevaya rəhbərlik fəaliyyəti zamanı yol verdiyi ciddi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

2024-cü il fevralın 27-də məktəbdə aparılan növbəti yoxlamanın nəticələrinə dair tərtib edilən arayışda bir sıra ciddi pozuntular aşkar olunub.

Yoxlama zamanı müəyyən edilib ki, məktəbdaxili nəzarət zəif təşkil edilib, müəllimlər bəzi hallarda dərs cədvəlinə uyğun dərs keçməyiblər, dərnəklər şagirdlərin meyil və maraqlarına uyğun təşkil olunmayıb, bir çox hallarda ümumiyyətlə keçirilməyib. Həmçinin eyni şagirdin eyni vaxtda iki fərqli dərnəyin siyahısında göstərildiyi, dərsdənkənar məşğələ və dərnək jurnallarının düzgün aparılmadığı, əmək intizamının pozulduğu aşkarlanıb.

Araşdırmalar zamanı tədris olunmayan dərslərə və keçirilməyən məşğələlərə görə müəllimlərə ümumilikdə 3 617 manat vəsait ödənildiyi də müəyyən edilib.

Yoxlama nəticələri göstərib ki, 2023-cü ilin may-iyun aylarında aşkar edilmiş nöqsanların böyük hissəsi hələ də aradan qaldırılmayıb.

Bu əsaslarla direktorun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq xitam verilib.

Vəfa Tağıyeva 7 mart 2024-cü il tarixli işdən çıxarılma əmrinin ləğv edilməsini, işə bərpa olunmasını və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsini tələb edib.

O, iddiasında qeyd edib ki, əmrin verilməsi üçün əsas kimi göstərilən sənədlər qanunsuzdur.

Tağıyevanın sözlərinə görə, həmin sənədlərlə tanış olmaqdan ona imtina edilib. Bu səbəbdən işdən çıxarılmasının əsassız olduğunu və həqiqəti əks etdirmədiyini bildirib.

Keçmiş direktor vurğulayıb ki, 2011-ci ildən etibarən məktəbə rəhbərlik etdiyi dövrdə tədrisin səviyyəsinin yüksəldilməsi, şagirdlərin inkişafı və məktəbin nailiyyətlərinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib.

Ali Məhkəmə kassasiya şikayətində göstərilən dəlilləri əsaslı hesab etməyib. Nəticədə, Vəfa Tağıyevanın kassasiya şikayəti təmin olunmayıb və apellyasiya instansiyasının qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.