Bu ilin qəbul və buraxılış imtahanlarının fevral ayında keçiriləcəyi haqqında iddialar həqiqəti əks etdirmir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sosial mediada imtahanların vaxtının dəyişdirilməsi ilə bağlı iddialar doğru deyil:
“İmtahanların qrafiki, adətən, ilin əvvəllərində müəyyən olunur və ictimaiyyətə təqdim edilir”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, bir neçə gündür sosial mediada bu ilin qəbul və buraxılış imtahanlarının fevral ayında keçiriləcəyi ilə bağlı iddialar yayılıb. Bu isə abituriyentlər arasında ciddi narahatlıq yaradıb.
Dövlət İmtahan Mərkəzi tərəfindən hər il ənənəvi olaraq tədris ilinin başa çatmasına 12-13 həftə qalmış buraxılış imtahanları keçirilir. Ona görə də, imtahanların fevral ayında keçiriləcəyi iddiaları valideynlər, abituriyentlər və bu sahənin mütəxəssisləri arasında gərginliyə səbəb olub.



