Beynəlxalq təcrübə göstərir ki, dünyanın bir çox ölkələrinin ali təhsil sistemlərində test imtahanları ilə yanaşı müsahibə yolu ilə qəbul olunması modeli də mövcuddur.
Bu baxımdan, yeni modelin tətbiqi çərçivəsində Azərbaycanda da müəyyən qrup şagirdlər üçün test imtahanları (blok və buraxılış imtahanları) ilə paralel olaraq müsahibə əsaslı qəbul mexanizminin yaradılması məsələsi aktuallıq kəsb edir. Maraqlıdır, gələcək illərdə yeni modellə Azərbaycanın təhsil sferasında müsahibə əsaslı qəbul mexanizmi mümkün ola bilərmi?
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova qeyd edib ki, müəyyən qrup şagird üçün müsahibə yolu ilə qəbul nəzəri cəhətdən mümkündür və düzgün tətbiq edilərsə, müəyyən üstünlüklər verə bilər.
“Müsahibə abituriyentin yalnız test nəticəsinə deyil, onun analitik düşüncəsinə, yaradıcı yanaşmasına, motivasiyasına və real potensialına baxmağa imkan yaradır. Bəzi hallarda şagird imtahan stressi səbəbindən öz real bacarığını göstərə bilmir, halbuki müsahibə belə hallarda əlavə dəyərləndirmə vasitəsi kimi çıxış edə bilər.
Lakin bu modelin ciddi riskləri də mövcuddur. Müsahibə prosesi subyektivliyə daha açıqdır. Testdə bütün abituriyentlər eyni qaydada qiymətləndirilir, lakin müsahibədə insan faktoru böyük rol oynayır. Komissiyanın yanaşması, müsahibənin keçirilmə şəraiti və hətta gündəlik psixoloji faktorlar nəticəyə təsir edə bilər. Ona görə də belə sistem tətbiq olunarsa, yüksək səviyyədə şəffaflıq, ciddi nəzarət, dəqiq meyarlar və ictimai etimad mütləq təmin edilməlidir”.
Deputat vurğulayıb ki, belə mexanizmin bütün abituriyentlərə şamil edilməsi real görünmür:
“Ən optimal variant yalnız müəyyən istiqamətlərdə - yaradıcılıq tələb edən ixtisaslarda, xüsusi bacarıqların əsas rol oynadığı sahələrdə və yaxud pilot layihə çərçivəsində seçilmiş qruplarda tətbiqidir. Bu sistem ilkin mərhələdə sınaqdan keçirilsə, nəticələr təhlil olunsa və uğurlu model formalaşdırılsa, daha sonra genişləndirilə bilər”.
Yekun olaraq həmsöhbətimiz onu da əlavə edib ki, ali təhsilə qəbulda müəyyən qrup şagird üçün müsahibə mərhələsinin tətbiqi effektiv ola bilər, lakin bunun üçün ciddi hazırlıq, şəffaf mexanizm və cəmiyyətin etibarını təmin edən qaydalar vacibdir. Onun fikrincə, bu addım test imtahanı sistemini tam əvəz etməməli, yalnız onu tamamlayan alternativ bir qiymətləndirmə forması kimi düşünülməlidir.



