Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 13-də parlament iclası zamanı bildirib ki, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Texniki Universitetdə (ATU) qəbul sayının gələcək illərdə azaldılması nəzərdə tutulur.
Nazirin bu açıqlaması isə keçid balları məsələsini gündəmə gətirib. Belə ki, qəbul sayının azalması yerlər uğrunda rəqabəti gücləndirə bilər. Nəticədə, keçid balının artması ehtimalı böyükdür.
Bəs həqiqətən də keçid ballarında artım gözləniləndir?
Qaziler.az xəbər verir ki, Bizim.Media mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nurinin fikirlərini öyrənib.
Ekspert bildirib ki, hər hansı universitetdə plan yerinin azaldılması təkcə həmin universitet, Elm və Təhsil Nazirliyi ilə əlaqəli məsələ deyil:
"İlk olaraq, əmək bazarı ilə əlaqəli tədqiqatlar aparılır. Sözügedən universitetlərdə müəyyən ixtisaslarda perspektiv ölçüldükdən sonra azalma, artma olur.
Plan yerinin azalması ixtisasların azalması deməkdir. Biz müəyyənləşdirməliyik ki, BDU-da , AZTU və ADNSU-da hansı ixtisaslarda plan yerləri azalacaq. Hətta elə ixtisaslar ola bilər ki, qəbul ümumiyyətlə olmasın".
Elmin Nuri qeyd edib ki, plan yerləri az olarsa, həmin ixtisasın keçid balı arta bilər.
"Elə bir ixtisasda plan yeri azala bilər ki, ora onsuz abituriyentin marağı az olur. Ancaq tam əksi də ola bilər. Nümunə olaraq, BDU-nun Tarix fakültəsinin plan yeri azalsa da, abituriyentlərin marağı azalmayacaq. Belə olduqda təbii ki, keçid balları artacaq. Ancaq yenə də hansı ixtisaslarda plan yerlərinin azalacağını bilmirik. Düşünürəm ki, informasiya texnologiyaları tipli ixtisaslarda plan yeri azalmaz, çünki gələcək üçün əhəmiyyətlidir", - deyə ekspert əlavə edib.



