Azərbaycanın 4 ali məktəbi "Dünyanın ən yaxşı universitetlərinin reytinqi"ndə

Azərbaycanın 4 ali məktəbi "Dünyanın ən yaxşı universitetlərinin reytinqi"ndə backend

İlk dəfə Azərbaycanın 4 universiteti "Times Higher Education" (THE) beynəlxalq reytinq agentliyi tərəfindən dərc olunan "Dünyanın ən yaxşı universitetlərinin reytinqi"nə daxil olub.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən il yalnız 2 universitetimiz bu siyahıda yer alıb, 2020-ci ildə isə universitetlər ümumiyyətlə THE qlobal reytinqində təmsil olunmayıb: "İki universitetimiz mövqeyini ötən ilə nisbətən gücləndirib, digər 2 universitetimiz isə ilk dəfə sözügedən qlobal reytinqə daxil olub. İlk dəfə bu reytinqə daxil olan Azərbaycan Dövlət İqtisad Universiteti TOP 1000-də yer alır. 1501+ diapazonunda yer alan Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti müvafiq interval daxilində ötən ilə nisbətən mövqeyini gücləndirib. İlk dəfə bu reytinqə daxil olan digər universitetimiz – Azərbaycan Texniki Universiteti isə 1501+ diapazonunda yer alır".

Qeyd edilib ki, Mərkəzi Asiya ölkələri arasında Azərbaycan bu reytinqə daxil olan universitet sayına görə 2-ci sıradadır: "Cənubi Qafqaz regionunda isə Azərbaycan müvafiq göstərici üzrə lider mövqedədir. Sözügedən qlobal reytinqin bütün meyarları üzrə Azərbaycan universitetlərinin göstəriciləri ortalama +4 bal dinamikası ilə yaxşılaşıb".