Bu gün 15:00-dan 2 sentyabr saat 23:59-dək rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilib.
"Report" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
2025/2026-cı tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 778 yerdən ibarət olub. Onlardan 71 yer ATU-nun Hərbi tibb fakültəsinin məzunları üçün və 40 yer İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunları üçün nəzərdə tutulub.
Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 11 nəfər müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).
Müsabiqədə iştirak etmək istəyən namizədlər bu linkə daxil olub ixtisas seçimi edə bilərlər.