Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə iyulun 6-da keçirilən qəbul imtahanının nəticəsini elan edib.
Qaziler.az xəbər verir ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 41 min 484 abituriyentdən (II qrup üzrə 18014 nəfər, III qrup üzrə 23470 nəfər) 1 160 nəfər (II qrup üzrə 616 nəfər, III qrup üzrə 544 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 388.3 bal toplayan Bakı şəhər 89 saylı tam orta məktəbin məzunu Mansurov Eldar Ramiz oğlu göstərib. O, imtahanın birinci mərhələsində 278.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 677.9 bal toplayan Bakı şəhər 83 saylı məktəb-liseyin məzunu Zeynallı Nilufər Hidayət qızı göstərib. O, imtahanın birinci mərhələsində 291.1 bal, ikinci mərhələsində isə 386.8 bal toplayıb.
Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Baxşəliyeva Aytac Ənvər qızı göstərib. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 691.8 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. Baxşəliyeva Aytac imtahanın birinci mərhələsində 294.8 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 18 iyul saat 10:00-dan 20 iyul saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.