9-cu sinfi bitirən şagirdin qiymətlərinin zəif olmasına görə məktəbdən xaric edildiyi iddia olunur.
Oxu.Az xəbər verir ki, bu barədə sosial mediada paylaşım edilib.
Paylaşımda bildirilib ki, şagird 9-cu sinif buraxılış imtahanından 87 bal toplayıb, fiziki tərbiyə fənnindən başqa digər fənlərin hər birindən "3" qiyməti alıb:
"Bir həftə əvvəl şagirdə attestatını veriblər ki, evdə göstərib iyunun 30-da gətirsin. Bu gün uşaq aparanda bilib ki, onu məktəbdən xaric ediblər".
Maraqlıdır, bəs görəsən, valideyndən xəbərsiz qiymətləri zəif olan şagird məktəbdən xaric edilə bilərmi?
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablayan təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev qeyd edib ki, 9-cu sinfə qədər olan təhsil icbari təhsil formasıdır:
"9-cu sinifdən sonra icbari təhsil forması dayanır. Onunla əlaqədar olaraq məktəb direktorları bu haldan sui-istifadə edib bəzi hallarda zəif, xoşlarına gəlməyən şagirdləri məktəbdən kənarlaşdırmağa çalışırlar. Bu, qətiyyən yolverilməzdir və bu əməl qanuna ziddir".
O bildirib ki, şagird nizam-intizam qaydalarını pozarsa, davamiyyəti aşağı olarsa, bu halda məktəbdən kənarlaşdırıla və ya sinifdə saxlanıla bilər:
"Qiymətə görə şagirdin məktəbdən kənarlaşdırılması deyilən bir anlayış yoxdur. Şagird nizam-intizam qaydalarını dəfələrlə pozduğuna görə, xəbərdarlıq edilməsinə baxmayaraq buna əhəmiyyət verməsə, eyni zamanda, davamiyyəti aşağı olarsa, məktəb pedaqoji şurasının qərarı ilə məktəbdən kənarlaşdırıla və ya sinifdə saxlanıla bilər. Bəzən valideynlər məlumatsız olduqlarına görə, məktəb rəhbərliyi qəsdən valideynlərə uşağı məktəbdən kənarlaşdırdıqlarını deyirlər. Sənədlərini götürüb başqa məktəblərə vermələri istənilir. Valideyn məktəb rəhbəri ilə razılaşanda elektron sistemdən şagirdin başqa məktəbə qəbul edilməsi üçün müraciət edilir.
Hazırda ümumtəhsil müəssisələrində məktəb dəyişilməsi elektron sistem üzərindən həyata keçirilir. Burada valideynin xəbəri olmadan uşağın yerini dəyişdirmək mümkünsüzdür. Uşağın məktəbdən xaric olunması üçün başqa hər hansısa məktəbə yerləşdirilməlidir. Burada qiymət faktoru rol oynayarsa, o zaman digər məktəblər də həmin şagirdi qəbul etməz, beləcə o, 11 illik təhsilini başa vura bilməyəcək. Əgər "2" alan şagird belə attestat ala bilirsə, bu o deməkdir ki, "3" qiyməti alan şagird də 11 illik təhsilini başa vura bilər. Bu, əsas gətirilərək məktəbdən kənarlaşdırıla bilməz".