Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində müəllim çatışmazlığı yoxdur.
Bu sözləri trend-ə özəl müsahibəsində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
O qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi son iki ildə ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən Müəllimlərin İşə Qəbulu prosesinə qoşulub.
“Biz mövcud vakant yerləri əvvəlcədən ictimaiyyətə açıqlamaqla prosesi təmin edirik. Beləliklə, hər il müəllimlərin işə qəbulu imtahanları çərçivəsində vakant yerlərə yeni müəllimlərin işə qəbulu təmin edilir.
Eyni zamanda, nəzərinizə çatdırım ki, Təhsil Nazirliyi tərəfindən müəllim-kadr ehtiyacları təhlil edilir. Xüsusilə sertifikatlaşdırma prosesi çərçivəsində işdən azad olunma halları yarana biləcəyi ehtimalları üzərindən də təhlillərimiz artıq başlayıb.
Təhlillərin nəticəsi tələbə qəbulu planlarında nəzərə alınması üçün Elm və Təhsil Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə və Naxçıvan Müəllimlər İnstitutuna göndərilir”, - deyə nazir əlavə edib.