Martın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirir.
QAZİLER.AZ AZƏRTAC-a istinadən bildirir ki, elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov) təşkil edilən imtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar. İmtahan bir saat davam edəcək.
İmtahan vermək üçün 136 namizəd müraciət edib. İmtahanların idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 9 nəzarətçi, 2 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.
Namizədlər imtahana gələrkən kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- İmtahana buraxılış vərəqəsi.
İmtahan 9 istiqamət üzrə keçirilir. İmtahanda namizədlərə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahanda toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.
İmtahan qaydaları ilə bağlı “Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib.