Fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanını keçirir.
QAZİLER.AZ AZƏRTAC-a istinadən bildirir ki, imtahanda 215 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İddiaçılar imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.
İmtahan müddətinin ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saat 30 dəqiqəsi isə yazılı tapşırıqların yerinə yetirilməsinə (esse və vizual məlumatın yazılı təsviri üçün) ayrılır. Test və yazı bloku arasında 15 dəqiqə fasilə verilir.
İmtahanın keçirilməsi üçün ümumilikdə 2 imtahan binası, 3 imtahan rəhbəri, 2 ümumi imtahan rəhbəri, 21 nəzarətçi, 3 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.
Bu gün keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarətdir. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar.
Danışıq bloku üzrə imtahan fevralın 19-da keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.
Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-dir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.
Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru və danışıq bloku imtahanı fevralın 17-də keçiriləcək.