Ötən il birbaşa imtahanla bağlı neqativ hallara yol verdiyi üçün 194 nəfər zal nəzarətçiləri bazasından xaric olunub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd edilib ki, həmin nəzarətçilər 2024-cü il ərzində imtahanlarda köçürməyə şərait yaratmaq, materialların səhv paylanılması, etik davranış qaydalarının pozulması, imtahana gəlməmək, zalda imtahan rəhbəri tərəfindən mobil telefonun aşkar edilməsi və s. kimi hallara yol verdiklərinə görə DİM-in zal nəzarətçisi bazasından çıxarılıblar.
Mərkəzin məlumatında qeyd edilib ki, 2024-cü ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası 15 min 661 nəfərdən ibarət olub. Onlardan 4 min 41 nəfəri - ümumi bazanın 25,8%-i zal nəzarətçisi sertifikatı almış şəxslərdir.
Ötən il respublika üzrə imtahanlara 14 min 428 nəzarətçi 55 min 133 dəfə cəlb edilib. Hər bir nəzarətçi ortalama olaraq 3,8 dəfə imtahana cəlb edilib.
2024-cü ildə imtahanlarda iştirak etmiş nəzarətçilərin bütün fəaliyyəti nəzərə alınmaqla, 90,3%-nin fəaliyyəti əla, 6,5%-nin yaxşı, 0,6%-nin kafi, 0,7%-nin isə qeyri-kafi qiymətləndirilib. Araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 2 min 901 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 30 zal nəzarətçisi, beş imtahan rəhbəri fəxri fərmanla təltif edilib.