Prezident mükafatına layiq görülən Rüstəm Əzimov: "Elmi tədqiqat aparmaqdan zövq alıram"

Prezident mükafatına layiq görülən Rüstəm Əzimov:  "Elmi tədqiqat aparmaqdan zövq alıram" backend

"Mənim elmdə əsas motivasiyam - dünyada hələ də həlli məlum olmayan məsələlərin çözülməsində elmi metodikadan dayanıqlı heç nəyin olmamasıdır. Dünyada bu tipli məsələlər çoxdur. Onlarla məşğul olmaq təkcə məhsuldar əmək deyil, eyni zamanda maraqlı məşğuliyyətdir".

Bu sözləri Oxu.Az-a açıqlamasında 2025-ci il Gənclər üçün Prezident mükafatına layiq görülən Rüstəm Əzimov deyib.

O bildirib ki, dörd ildən çoxdur ki, elmi tədqiqatla məşğuldur:

"Mən İdarəetmə Sistemləri İnstitutunun elmi işçisiyəm. Dörd ildən çoxdur, burada elmi tədqiqatla məşğulam. Bununla yanaşı, elmi tədqiqat nəticələrimdən istifadə edərək magistratura və doktorantura təhsilimi tamamlamışam. "Texnika üzrə fəlsəfə doktoru" elmi dərəcəsi almaq üçün dissertasiya işimi müdafiə etmişəm. Hazırda dissertasiya işim Ali Attestasiya Komissiyasındadır.

Ötən dörd il ərzində həm şəkillər, həm də mətnlər üzərində tanıma, yəni süni intellekt məsələləri ilə məşğul olmuşam. Tələbəlik illərindən etibarən öz sahəm üzrə, xüsusilə süni intellekt üzrə kurslara qatılmışam. Çox sayda onlayn kurslar bitirmişəm. Bunların sırasında Stenford Universitetinin, London İmperial Kollecinin kursları da olub.

Bu biliklərimdən istifadə edərək institutda elmi tədqiqatlar aparmışam. Onların nəticələri isə beynəlxalq jurnallarda çap olunub".

Rüstəm Əzimov qeyd edib ki, elmi tədqiqatçı kimi yetişməsini İdarəetmə Sistemləri İnstitutuna borcludur:

"İnstitutdakılar uzun illərin təcrübəsini çox qısa müddətdə işçilərə aşılamağa çalışırlar. Mən də çalışırdım ki, bu aşılananları mənimsəyim. Burada özümü ailənin bir üzvü kimi hiss edirəm.

Elmi tədqiqatçılar qaranlıq otaqda oturub, suallara cavab verməyə çalışırlar. Bu çalışmalarımız Prezident tərəfindən belə diqqətlə qarşılaşanda sevinirik. Bu, təkcə bir nəfərin mükafatlandırılması deyil, şəxsin ətrafı, ətrafında olan gənclər üçün stimuldur. Elmi tədqiqat aparmaqdan zövq alıram və məntiqi olaraq bunun dünyaya lazım olduğunu düşünürəm".

Diaspora