Yalnız yüksək maaş və pulsuz ev təklif edilərsə... - Ekspert

Yalnız yüksək maaş və pulsuz ev təklif edilərsə... - Ekspert backend

Azərbaycanda ümumilikdə məktəblərdə müəllim çatışmazlığı yoxdur.

QAZÍLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, müəllimlik kifayət qədər rəqabətli sahəyə çevrilib: "Ucqar kəndlərdə dərs sayları az olmasına görə müəllim çatışmazlığı olur".

Təhsil üzrə ekspert Kamran Əsədov "Cümhuriyət"ə bildirib ki, elm və təhsil naziri Emin Əmrullayevin "Azərbaycanda müəllim çatışmazlığı yoxdur" bəyanatı ölkə üzrə vəziyyətə dair ümumiləşdirilmiş yanaşmadır:

"Bununla belə, ucqar bölgələrdə real vəziyyət fərqlidir və bəzi sahələrdə müəllim çatışmazlığı ciddi problem olaraq qalır. Bu problem əsasən riyaziyyat, fizika, xarici dillər və musiqi kimi ixtisaslar üzrə özünü göstərir. Çatışmazlıq səbəbindən bəzi məktəblərdə müəllimlər bir neçə fənni tədris etməyə məcbur qalırlar ki, bu da tədrisin keyfiyyətinə mənfi təsir edir".

O bildirib ki, ucqar bölgələrdə müəllim çatışmazlığının əsas səbəblərindən biri maaşların və güzəştlərin yetərli olmamasıdır:

"Bölgələrdə işləyən müəllimlər çox zaman aşağı əmək haqqı ilə yüksək yaşayış xərclərini qarşılamalı olurlar. Yol, kommunal xidmətlər və digər ehtiyacların yüksək xərc tələb etməsi bölgələrdə işləmək istəyən müəllimlərin sayını azaldır. Bundan başqa, ucqar ərazilərdə infrastrukturun zəif olması, məktəblərin şəraitinin müasir standartlara cavab verməməsi, internet və rabitə imkanlarının məhdudluğu bu problemi daha da ağırlaşdırır. Yaşayış şəraitinin çətinlikləri də müəllimlərin ailələrini bu ərazilərə gətirməsini çətinləşdirir, nəticədə onlar şəhər yerlərində işləməyi üstün tuturlar".

Ekspertin sözlərinə görə, ucqar bölgələrdə müəllim çatışmazlığını həll etmək üçün dövlət səviyyəsində müxtəlif həvəsləndirmə tədbirləri tətbiq olunsa da, bu tədbirlər kifayət etmir:

"Müəllimlərin ucqar bölgələrə könüllü getməsini təmin etmək üçün xüsusi stimullaşdırma mexanizmləri tətbiq edilməlidir. Məsələn, ucqar ərazilərdə işləmək üçün daha yüksək maaş əlavələri, pulsuz mənzil təminatı, kommunal xidmətlərin dövlət tərəfindən ödənilməsi və ya erkən təqaüd hüququ kimi tədbirlər həyata keçirilə bilər. Eyni zamanda, məktəblərin infrastrukturu təkmilləşdirilməli, müasir avadanlıqlar və yüksək sürətli internetlə təmin edilməlidir. Bu, müəllimlər üçün daha rahat iş şəraiti yaratmaqla yanaşı, şagirdlərin də daha keyfiyyətli təhsil almasına imkan verər.

Ucqar bölgələrdə müəllim çatışmazlığının aradan qaldırılması yalnız təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün deyil, həm də həmin bölgələrdə sosial-iqtisadi inkişafın təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir. Müəllimlər üçün yaradılan əlavə güzəştlər və şərait onların bölgələrdə daha uzun müddət fəaliyyət göstərməsini təmin edəcək.

Bu da bölgələrarası bərabərsizliyi aradan qaldırmağa və ölkə təhsil sisteminin ümumi keyfiyyətini artırmağa imkan verəcək. Bu yanaşma həm də gənc müəllimlərin iş həyatına daha yaxşı inteqrasiya və onların pedaqoji potensialının tam realizə edilməsini təmin edəcək. Belə tədbirlər həm qısa, həm də uzunmüddətli perspektivdə ölkə təhsili üçün böyük irəliləyişlərə yol aça bilər".

Diaspora