Azərbaycan Gənclər Fondunun dəstəyi, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi və Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddə “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” baş tutub.
QAZÍLER.AZ AZƏRTAC-a istinaden xəbər verir ki, forum Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində keçirilib.
Forumdan əvvəl iştirakçılar Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə universitetdə yaradılmış Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin adını daşıyan Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzi ilə tanış olublar.
Daha sonra forum açıq elan olunub. Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirildikdən sonra Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Ev sahibi universitetin beynəlxalq əməkdaşlıq üzrə prorektoru professor Nozlia Nurmuradova qonaqları salamlayaraq keçirilən beynəlxalq forumun Azərbaycan-Özbəkistan qardaşlığını daha da möhkəmlənidirilməsinə töhfə verəcəyini bildirib.
Daha sonra çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev bildirib ki, Türküstanda yaşanan iqlim problemlərinə paralel olaraq belə bir forumun məhz Özbəkistanda keçirilməsi daha böyük önəm daşıyır.
Layihə rəhbəri, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Aqil Ələsgər çıxışında Azərbaycanın 30 il erməni işğalı altında qalan ərazilərində işğalçı dövlət tərəfindən ekoloji terror həyata keçirildiyini diqqətə çatdırıb.
Layihəni gerçəkləşdirmə məqsədlərindən danışan Aqil Ələsgər 2024-cü ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edərək Azərbaycanın COP29 kimi dünya əhəmiyyətli tədbirə ev sahibliyi edəcəyini vurğulayıb. O bildirib ki, “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu”nun keçirilməsində əsas məqsədlərdən biri də COP29-a hazırlıqdır.
Açılış çıxışlarından sonra protokol çıxışlarına yer verilib. Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Özbəkistan Respublikası Ali Məclisinin deputatı Gülbahar Seyidqəniyeva, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin baş mütəxəssisi Emil Yusifov və Özbəkistan Respublikası Gənclər İşlər Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhfuzə Artıkova çıxış edərək Azərbaycan və Özbəkistanın iqlim siyasətindən bəhs ediblər.
Çıxışçılar hər iki dövlət tərəfindən qeyd olunan sahədə görülən tədbirlərin digər ölkələrə nümunə olduğunu bildiriblər. Azərbaycanda keçiriləcək COP-29 tədbirinin önəminə toxunan çıxışçılar rəsmi Bakının bu mötəbər tədbiri yüksək səviyyədə təşkil edəcəyinə ənliklərini vurğulayıblar.
Daha sonra COP29 ilə bağlı qısa videoçarx nümayiş olunub.
Sonda iştirakçılara plaketlər təqdim olunub və xatirə şəkli çəkdirilib.