Avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.
QAZÌLER.AZ AZƏRTAC-a istinaden bildirir ki, ümumilikdə 5740 namizədin dəvət olunduğu müsahibələr avqustun 22-dək davam edəcək.
Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə gələrkən şəxsiyyəti təsdiq edən sənədi, habelə ali, orta ixtisas, magistratura və ya yenidənhazırlanma təhsili haqqında sənəd və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni mütləq gətirmək lazımdır.
Namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq. Həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.