Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı təlim keçirilib

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı təlim keçirilib  backend

Azərbaycan dili üzrə sertifikasiya imtahanı (ADSİ) ilə bağlı mütəxəssislərə təlim keçirilib.

QAZÌLER.AZ   AZƏRTAC-a istinaden bildirir  ki, Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva ADSİ imtahanı haqqında iştirakçılara ümumi məlumat verib. Ardınca imtahan proqramının həmmüəlliflərindən olan Səbinə Əliyeva ümum-Avropa tövsiyə çərçivə sənədinə (CEFR) istinad edilməklə hazırlanmış “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlara uyğun ölçülməsini təmin etmək məqsədilə keçiriləcək ADSİ imtahanı modelinə uyğun mütəxəssislər tərəfindən hazırlanmış mətnlər və test tapşırığı nümunələrinə dair qeydlərini bildirib və müvafiq tövsiyələrini verib.

Xatırladaq ki, sözügedən proqram və imtahan modeli ilə bağlı maraqlı şəxslər üçün mayın 3-də Mərkəz tərəfindən vebinar keçirilib və iştirakçılara imtahanın xüsusiyyətləri nəzərə alınmaqla model test nümunələrinin hazırlanması ilə bağlı tapşırıq verilib. İştirakçılar tərəfindən təqdim olunan materiallar Mərkəzin mütəxəssisləri tərəfindən ekspertiza olunub və görüşdə real tapşırıq nümunələri əsasında iştirakçılara təlim keçirilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və növbəti mərhələ üçün tapşırıqlar verilib.

Mərkəzin mütəxəssisləri tərəfindən sözügedən imtahanın elektron qaydada keçirilməsi üçün kompüter proqramının sınaq versiyası hazırlanıb və yaxın vaxtlarda istifadəyə veriləcək. Həmçinin mövcud imtahan modelinin təkmilləşdirilməsi üçün geniş məlumatın (datanın) toplanılması və təhlil olunması məqsədilə onlayn formada Azərbaycan dili üzrə sertifikasiya imtahani keçiriləcək.

Qeyd edək ki, “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” ölkədə və ölkədən kənarda Azərbaycan dilini öyrənənlər, öyrədənlər, təlim materialları hazırlayanlar və imtahan təşkil edənlər üçün əsas məqamları, məqsədləri, səviyyələrə və bacarıqlara görə təlim nəticələrini, imtahan prosesini, dilin tədrisi mövzularını, dil təlimi standartlarını müəyyən çərçivəyə salan bir proqram kimi hazırlanıb. Belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək.

Bir müddət öncə isə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə Azərbaycan Dillər Universitetinin əməkdaşları Səbinə Əliyeva, Hüzurə Ağayeva, Ramiqə Şirəliyeva və Fidan Ələsgərovanın həmmüəllif olduqları və dosent Jalə Qəribovanın redaktorluğu ilə hazırlanmış “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və imtahan modelini özündə ehtiva edən vəsait çap olunub.

Diaspora