Dünənki qəbul imtahanlarının sualları çətin olub: Keçid balları artacaq, yoxsa azalacaq?

Dünənki qəbul imtahanlarının sualları çətin olub:  Keçid balları artacaq, yoxsa azalacaq? backend

Ötən gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə 1-ci cəhd qəbul imtahanları keçirilib.

İmtahandan sonra sosial şəbəkələrdə sualların asan və ya çətin olması barədə müzakirələr aparılıb, imtahanın keçid ballarına təsiri ilə bağlı fikirlər səsləndirilib.

Modern.az imtahanla bağlı təhsil ekspertlərinin fikirlərini öyrənib.

Elçin Əfəndinin sözlərinə görə, dünən keçirilən imtahanda 4-cü ixtisas qrupu üzrə abituriyentlər biologiya fənnindən sualların bir qədər düşündürücü və çətin olduğunu bildiriblər:

"I qrup üzrə imtahan verən abituriyentlər isə əsasən fizika və riyaziyyat üzrə bir qədər çətinliklə qarşılaşdıqlarını qeyd edirlər. Ümumilikdə isə yaxşı nəticə əldə edən abituriyentlərin olacağını gözləyirik. Çünki ümumi aparılan sorğu əsasında 200-dən yüksək bal toplayan abituriyentlərin sayı digər intervalda olan abituriyentlərdən daha çoxdur. Bu isə onu deməyə əsas verir ki, birinci cəhddən sonra II və III ixtisas qruplarına nəzərən I və IV qrupların nəticələri daha yaxşı olacaq. Qarşıda iyulun 7-də II və III ixtisas qrupları, 14-də isə I və IV ixtisas qrupları üçün ikinci cəhd imtahanlar keçiriləcək. Ümumilikdə onu deyə bilərik ki, əsasən hüquqşünaslıq, tibb, stomatologiya, dövlət və ictimai münasibətlər, biotexnologiya, maliyyə, beynəlxalq ticarət və logistika kimi prestijli ixtisaslarda ballarda bir qədər artım gözlənilir. Digər ixtisasların isə bəzilərində düşmə, bəzilərində isə əvvəlki illərdə formalaşan ballara yaxın ballar ola bilər".

Kamran Əsədov isə bildirib ki, martın 3-də və 10-da keçirilən imtahanlarda 54 nəfərin maksimum bal toplaması birmənalı şəkildə müsabiqə vəziyyətinin dəyişəcəyini deməyə şərait yaradıb:

"Amma istər mayın 26-da keçirilən II və III qrupların, istərsə də dünən keçirilən I və IV qrupların imtahanları onu göstərdi ki, test tapşırıqları kifayət qədər çətindir. Müəyyən qədər yüksək bal toplayan abituriyentlər özlərində arxayınlıq yaratmışdı. Məsələn IV ixtisas qrupunda imtahan verən abituriyentlərin biologiya suallarına cavab verməsi çətin olub. Buna bir neçə amil təsir göstərir. Uşaqlar orta məktəbdə oxuyurlar, başları məzuniyyətə qarışıb. Qısa müddət ərzində imtahanların olması onlarda müəyyən qədər çətinliklər yaradıb. Amma I ixtisas qrupundakı fizika sualları ilə IV ixtisas qrupundakı fizika sualları tamamilə fərqlidir. Bir məqamı xüsusilə qeyd edim ki, qəbul imtahanlarında ikinci şans olmasa, ciddi şəkildə disbalans yaranacaq. Proqnozlar göstərir ki, maksimum bal toplayanların sayı indiyə qədər bütün göstəricilərdən çox olacaq. Abituriyentlər imtahanda verilən vaxt ərzində sualları cavablandırmaqda çətinlik çəkiblər. Hesab edirəm ki, ikinci imtahanda iştiraka yönləndirmək üçün birinci imtahan müəyyən qədər çətin salınmışdı".

Elnur Aydın qeyd edib ki, dünən keçirilən imtahanda biologiya fənni üzrə suallar abituriyentlər üçün sürpriz olub:

"Abituriyentlər bu tipli suallarla ilk dəfədir ki, qarşılaşırdı. Bu da onları ikinci turda iştirak edərək ballarını yüksəltməyə sövq edir. Ötən illə müqayisədə bu il keçirilən buraxılış imtahanı asan, blok imtahanlarında isə suallar daha çətin olub. Nəticə etibarilə keçid ballarının çox az dəyişəcəyini ehtimal etmək olar. Dövlət İmtahan Mərkəzi adətən sınaq imtahanlarının nəticələrini təhlil edir. Əgər sınaq imtahanlarının nəticələri abituriyentlər üçün asan olubsa, fənlər üzrə suallar çətinləşdirilir. Yox, əksinə, çətinlik çəkilirsə, asanlaşdırılır. Analoji vəziyyət indi də olacaq. Birinci mərhələdə biologiya fənnində verilən sualları abituriyentlər orta məktəbdəki dərs vəsaitlərində görməyiblər. Bu baxımdan düşünürəm ki, ikinci mərhələdə biologiya fənnindən sualların çətinliyi nisbətən azaldılacaq".

Diaspora