AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Cəfər Cabbarlının ev-muzeyi və Bakı Dövlət Universitetinin SABAH qrupları Mərkəzinin birgə təşkilatçılığı ilə “Bakı Dövlət Universitetinin unudulmaz məzunu (Cəfər Cabbarlı – 125)” adlı sərgi-konfrans keçirilib.
QAZILER.AZ AZƏRTAC-a istinaden xəbər verir ki, 18 May – Beynəlxalq muzeylər günü və görkəmli şair, dramaturq, rejissor və dövlət xadimi, Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının anadan olmasının 125 illik yubileyi münasibətilə Bakı Dövlət Universitetinin əsas binasında baş tutmuş tədbirdə təhsil və elmi-tədqiqat müəssisələrinin rəhbərləri ilə yanaşı, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alim və mütəxəssisləri də iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Cəfər Cabbarlının ev-muzeyinin ekspozisiyası və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan Cəfər Cabbarlının şəxsi arxivi əsasında hazırlanmış “Cəfər Cabbarlı – 125” adlı eksponat, əlyazma və kitablardan ibarət səyyar sərgi ilə tanış olublar.
Sərgi ilə tanışlıqdan sonra “Cəfər Cabbarlının yaradıcılığının tədqiq və təbliği arxiv və muzey materialları əsasında” mövzusunda dəyirmi masa öz işinə başlayıb.
Konfrans məruzə ətrafında çıxışlarla öz işinə davam edib.
Konfrans çərçivəsində Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənova və Kitabxana müdiri Briliant Hacıyeva yazıçının ədəbi irsinin tədqiqi və təbliği sahəsindəki xidmətlərinə görə Cəfər Cabbarlının ev-muzeyinin “Fəxri fərman”ı ilə təltif olunublar.
Sonda xatirə şəkli çəkilib.