Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasınında (GAMŞ) gənc tədqiqatçılar üçün növbəti ustad dərsi keçirilib.
QAZILER.AZ AZƏRTAC-a istinaden xəbər verir ki, tədbiri astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra rəsədxananın Nəzəri astrofizika və kosmologiya şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Balaəli Rəcəbov "Kosmologiyanın əsasları" mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi seminarda kosmoloji kompakt obyektlərdən danışıb, ağ cırtdanlar, neytron ulduzlar və qara dəliklər haqqında geniş məlumat verib, onların mənşəyi, təkamülü və xüsusiyyətlərini şərh edib. Alim qeyd edib ki, kosmoloji kompakt obyektlərin öyrənilməsində müasir nüvə fizikasının, müşahidə vasitələrinin, bərk cisimlər və elementar zərrəciklər fizikasının nəzəri və riyazı məlumatlarından istifadə olunur. Bu obyektlərin tədqiqi Kainatın mənşəyi və təkamülünün öyrənilməsində ciddi rol oynayır.
Maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında diskussiya aparılıb, suallar cavablandırılıb.