Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
İmtahanda yüksək nəticə göstərənlər arasında şəhid polkovnik-leytenant Elzamin Təhməzovun qızı Aysu Elzamin də var. O, buraxılış imtahanından 282 bal toplayıb.
Aysu Elzamin Modern.az-a açıqlamasında gələcək hədəfi barədə danışıb:
“Növbəti imtahanda hədəfim maksimum - 400 bal toplamaqdır. Buna görə də ən yüksək səviyyədə hazırlaşıram. Atam məni həkim görmək istəyirdi. Həkim olmaq istəyimin yaranmasına da atam səbəb olmuşdu. Məni həkimə aparanda həkimdən qorxmuşdum. Onda atam mənə həkimlərə güvənə biləcəyimi demişdi. O gündən sonra məndə həkim olmaq istəyi yarandı.
Atam məni “doktor qızım” deyib çağırırdı. Dərslərimlə hər zaman maraqlanırdı. Onun hər şeyi bilməsi məni çox heyran edirdi. Hər bir sualımı izah edirdi. Hər zaman onun kimi savadlı olmaq istəmişəm. Mən də bu qədər oxumaq həvəsini yaradan atam olub”.
Aysu Elzamin Azərbaycan Tibb Universitetində təhsil almaq istədiyini vurğulayıb:
“Beyin cərrahı olmaq istəyirəm. Daha sonra ali təhsilimi xaricdə - Almaniyada almaq istəyirəm. Dərslərimi bitirənə qədər əlavə məşğuliyyətlərə vaxt ayırmıram. Yüksək nəticə göstərməyimdə anam, müəllimlərim mənə dəstək olurlar, inanırlar. Ən böyük motivasiyanı da inam verir. İnsan çalışdıqda çox yaxşı nəticələr əldə edə bilir. Əziyyət çəkən bəhrəsini görür. Ümid edirəm ki, öz sahəsini çox yaxşı bilən beyin cərrahı olacağam".
Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı Elzamin Təhməzov 1979-cu il oktyabrın 26-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyanın məzunu olub. ABŞ-də, Almaniyada, Pakistanda, İraqda, Sloveniyada və Türkiyədə keçirilən təlimlərdə iştirak edib. Həmçinin NATO təlimlərində Azərbaycanı təmsil edib.
Vətən müharibəsi başlayan zaman Elzamin Təhməzov briqadanın kəşfiyyat rəisi olub. O, Murov yüksəkliyi və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə şücaətlər göstərib.
Polkovnik-leytenant E.Təhməzov 2020-ci il sentyabrın 29-da düşmənin minaatan mərmisinin yanına düşməsi nəticəsində şəhid olub.
Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Qeyd edək ki, şəhidimizin iki qız övladı yadigar qalıb.