Buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının növbəti məşğələləri keçirilib.
QAZİLER.AZ Lent.az-a istinadən verdiyi xəbərə görə, 19-23 fevral tarixlərində hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursları Bakı şəhəri üzrə qeydiyyatdan keçmiş iştirakçılar üçün əyani, bölgələr üzrə qeydiyyatdan keçmiş iştirakçılar üçün isə onlayn formada keçirilib. Həmçinin informatika fənni üzrə hazırlıq kursu bütünlüklə onlayn formada keçirilib.
Moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, riyaziyyat fənni üzrə Aqşin Abdullayev, ingilis dili fənni üzrə Nərminə Əliyeva, rus dili fənni üzrə Viktoriya Ələkbərova, kimya fənni üzrə Elşad Abdullayev, fizika fənni üzrə Əlövsət Rəcəbli, tarix fənni üzrə Hafiz Cabbarov və coğrafiya fənni üzrə Nərminə Seyfullayeva mətn, situasiya və mənbəyə aid tapşırıqların tərtibinə, ekspertizasına və yoxlanılmasına verilən tələblərlə bağlı təqdimatla çıxış ediblər.
Hazırlıq kurslarının məşğələləri növbəti həftə davam etdiriləcək.