Magistraturaya sənəd qəbulu başa çatıb.
Qaziler.az xəbər verir ki, yanvarın 15-dən start götürən müddətdə 19 717 bakalavr ərizəsini təsdiq edib.
Onlardan 18 201-i Azərbaycan bölməsi, 1 516-sı isə rus bölməsi üzrə olan bakalavrlar olub.
Qeyd edək ki, qəbul imtahanının (I cəhd) fevralın 11-də keçirilməsi nəzərdə tutulur. İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaq.
İmtahanda bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.
Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan Cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi Esse vərəqləri paylanılır.