Dekabrın 23-də regionlar üzrə ilk dəfə olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə vakant olan direktor, tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üzrə iş yerinin dəyişdirilməsi müsabiqəsi keçirilib. Şəki şəhər 11 nömrəli tam orta məktəbdə təşkil edilən müsabiqədə region üzrə 38 nəfər iştirak edib.
QAZILER.AZ AZƏRTAC- -a istinaden bildirir ki, test imtahanında direktorlara metodika və pedaqogika üzrə 15, riyazi və məntiqi düşünmə bacarıqları üzrə 15, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması üzrə 20 sual olmaqla, ümumilikdə, 50 test tapşırığı təqdim edilib.
Müsabiqədə direktor müavinləri, həmçinin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçılar da metodika və pedaqogika, riyazi və məntiqi düşünmə bacarıqları, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması üzrə ümumilikdə 50 test tapşırığını yerinə yetiriblər.
İmtahanda uğur qazanmış namizədlər yanvarın 10-dək müsabiqənin müsahibə mərhələsinə dəvət ediləcəklər.