"Şagird sayı az olan məktəblərin uşaqlarının yaxın ərazidə yerləşən digər təhsil müəssisələrinə daşınması nəzərdə tutulur".
Bunu Apa-ya açıqlamasınsa Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib.
Agentlik rəhbəri bildirib ki, şagirdlərin bu hallarda daşınması üçün avtobuslar ayrıla bilər:
"Belə təcrübə hazırda da var. Lakin bəzi hallarda biz çalışırıq ki, bu tip hallar minimum sayda olsun. Məsələn, məktəblər əgər təmirə bağlanırsa, biz daşınmanı təmin edirik. Bu tipli məsələlərdə də həmin vəsaitlərin daha səmərli istifadəsi məqsədilə uşaqların daşınmasını təmin etmək şərtilə uşaqların daha yaxın ərazidə yerləşən məktəblərə cəlbini daha məqsədəmüvafiq hesab edirik. Belə hallar çoxdur. Bu halların hamısını ölçmək, qiymətləndirmək, daha düzgün qərarlar vermək üçün vaxt lazımdır. Bu, bir günlük, bir saatlıq iş deyil. Elə qərarlar verilməlidir ki, sonradan yan təsirləri olmasın. Düşünürük ki, gələn il bu istiqamətdə çox ciddi addımlar atılacaq".
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev şagird sayı 0-30 olan məktəblərdə bir şagirdə ildə 7 min manat vəsait xərcləndiyini, bir şagirdi olan məktəbə isə ildə 64 min manat vəsait köçürüldüyünü açıqlamışdı. Nazir təhsilin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin qeyri-bərabər bölüşdürüldüyünü, bu mənada bərabərliyi təmin etmək üçün lazımi addımların atılmasının vacibliyini vurğulamışdı.