DİM imtahanlara xanım əməkdaşların cəlb olunması məqsədilə elektron qeydiyyata başlayır

DİM imtahanlara xanım əməkdaşların cəlb olunması məqsədilə elektron qeydiyyata başlayır backend

Dövlət İmtahan Mərkəzi (DİM) müxtəlif peşə sahələrində çalışan ictimaiyyət nümayəndələrinin imtahan prosesində buraxılış rejimini aparan əməkdaş qismində cəlb edilməsi üçün oktyabrın 27-dən elektron qeydiyyata başlayır. Qeydiyyat dekabrın 4-dək davam edəcək.

DİM-dən bildirilib ki, qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali və ya orta ixtisas təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hazırda rəsmi işləyən (və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas dərəcəsi olanlar), yaşı 21-40 arasında olan, həmçinin fiziki və psixoloji cəhətdən sağlam olan, COVID-19 vaksin və ya immunitet sertifikatı olan qadın əməkdaşlar müraciət edə bilərlər. Zal nəzarətçisi kimi qeydiyyatdan keçən şəxslərin buraxılış rejimi əməkdaşı qismində iştirakına icazə verilmir.

Qeydiyyat üçün ilk olaraq namizədlər DİM-in internet səhifəsinə daxil olaraq “Şəxsi kabinet” yaratmalı və daha sonra buradan qeydiyyatdan keçməlidirlər. Qeydiyyat və müsahibə mərhələsi ödənişsizdir.

Namizədlər qeydiyyatdan keçdikdən sonra qeydiyyat vərəqini çap edərək imzalamalı və aşağıda göstərilən sənədləri də əlavə edərək e-poçtuna və ya mobil telefon nömrəsinə göndərilən bildirişdə qeyd olunan tarixdə Bakı şəhəri üzrə DİM-in baş ofisinə (Akademik Həsən Əliyev küçəsi 299), regionlarda isə DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay, Şəmkir və Şirvan regional bölmələrinə şəxsən müraciət etməlidirlər:

- Elektron qaydada doldurulmuş və çap olunaraq imzalanmış qeydiyyat anketi;

- Şəxsiyyət vəsiqəsi və surəti;

- Ali və ya orta ixtisas təhsil haqqında sənəd (diplom) və surəti;

- İş yeri haqqında arayış (İş yeri olduğu təqdirdə);

- Məhkumluğun olmaması barədə arayış;

Bank rekvizitlərini təsdiq edici sənəd (Rekvizitlər bank tərəfindən çap olunmalı və təsdiqlənməlidir).

Qeydiyyatdan uğurla keçən namizəd DİM-ə dəvət olunaraq sənədləri yoxlanır və fəaliyyət sahəsinə uyğun təhsili, iş təcrübəsi, fiziki- psixoloji sağlamlığı və s. dəqiqləşdirilməsi ilə bağlı ilkin müsahibədən keçirilir.

Müsahibədən uğurla keçən namizədlər müvafiq təlimlərə cəlb olunacaq.

Hazırda DİM tərəfindən keçirilən imtahanlarda buraxılış rejiminin aparılmasında iştirak edən və 46 yaşı tamam olmayan xanımlar da qeyd olunan müddətdə (4 dekabr 2023-cü il saat 18:00-dək) elektron qaydada mövcud anketlərini yeniləyərək imzalamalı və DİM-ə təqdim etməlidir. Anketdə əks olunmuş şəxsi məlumatların hər hansında dəyişiklik olarsa dəyişikliyi təsdiq edici sənəd anketlə birlikdə təqdim olunmalıdır.

Elektron qeydiyyatla bağlı suallar yaranarsa, Mərkəzin baş ofisinə (“1653” Çağrı mərkəzi) və ya regional bölmə mərkəzlərinə müraciət etmək olar. Ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Diaspora