Mingəçevir Dövlət Universitetinin (MDU) magistrantı Murad Baxşəliyev Türkmənistanda “Yüksək texnologiyalar və innovativ layihələr” (High Technologies and Innovative Projections) mövzusunda keçirilən gənclər arasında beynəlxalq elmi yarışmada iştirak edib. Müsabiqə bu ilin mart ayında Türkmənistanın Elmlər Akademiyası, Təhsil Nazirliyi və Məhtimqulu adına Gənclər Təşkilatının Mərkəzi Şurası tərəfindən elan edilib.
QAZİLER.AZ AZƏRTAC-a istinadən bildirir ki, müsabiqəyə Azərbaycan, Belarus, Vyetnam, Gürcüstan, Qazaxıstan, Çin, Malayziya, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistandan gənc tədqiqatçı, ixtiraçı və mütəxəssislər ən populyar istiqamətlər üzrə öz elmi işlərini və layihələrini təqdim ediblər.
MDU-nun magistrantı M.Baxşəliyev beynəlxalq müsabiqəyə Energetika kafedrasının baş müəllimi, tex.f.d. Səadət Şıxəliyevanın elmi rəhbərliyi ilə “35-220 kV gərginlikli elektrik veriliş xətlərinin aralıq dayaqlarının müqayisəli təhlili” mövzusunda yerinə yetirdiyi elmi-tədqiqat işinin nəticələri ilə qatılıb.
Yekun mükafatlandırma mərasimi Aşqabadda Ticarət və Sənaye Palatasında səhiyyə, təhsil və idmanla bağlı keçirilən sərgi-konfrans çərçivəsində baş tutub. Müsabiqənin nəticələrinə əsasən, ilk 3 yeri tutan 45 nəfər qalib elan edilib.
Müsabiqədə 3-cü yerə layiq görülən MDU-nun magistrantı M.Baxşəliyev müvafiq diplomla təltif olunub.