5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tədbir keçirib.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının nümayəndələri, rayon ərazisində fəaliyyət göstərən məktəblərin kollektivi, həmçinin bir sıra media nümayəndələri iştirak ediblər.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev əlamətdar gün münasibətilə təhsil işçilərini təbrik edib, onlara çətin və eyni zamanda, şərəfli işlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən 132-134 saylı tam orta məktəbin direktoru Sara Xanlarova bildirib ki, təhsil sahəsində əldə olunmuş uğurlar Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısının nəticəsidir.
Şəhid Cəmil Məmmədlinin anası Aygün Məmmədova çıxış edərək bildirib ki, dövlətimiz hər zaman şəhid ailələri və qazilərimizi diqqətdə saxlayır.
Şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
"91-lər"in nümayəndəsi Allahverdi Hacıyev xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğunu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyini qeyd edib.
236 saylı tam orta məktəbin direktoru Xanlar İmaməliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün uğurla davam etdirilir. Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Tədbir musiqili proqramla davam edib.