Misir Mərdanovdan nazirin sözlərinə reaksiya: “Bu fikirlə razı deyiləm”

Misir Mərdanovdan nazirin sözlərinə reaksiya:  “Bu fikirlə razı deyiləm” backend

“Təhsil sistemimiz sanki tərs qurulub. Qabaqcıl ölkələrdə erkən yaşdakı uşaqlara tədris verənlər ən yüksək təhsil biliyinə malik olan şəxslərdir. Bizdə isə bağçalarda təhsilverənlərin, demək olar ki, yarısı bu sahədə təhsili olmayanlardır”.

Demokrat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev paytaxtdakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, təhsildə ən əhəmiyyətli dövr erkən yaş dövrüdür. Hansı rayonda ibtidai sinif müəllimlərinin bilik səviyyəsilə bağlı problem varsa, orada uşaqların da savadı aşağıdır.

E.Əmrullayevin qaldırdığı məsələ ilə bağlı keçmiş təhsil naziri Misir Mərdanov açıqlamasında təhsilin bütün pillələrində dərs deyən müəllimlərin bilik və bacarığının yüksək olmasının vacibliyinə toxundu:

“Bağça, məktəbəqədər təhsil, aşağı və ya yuxarı siniflər - fərq etməz, hər birinin öz proqramı, dərsliyi var. Hər bir təhsil pilləsi üzrə öyrədilməli olan konkret biliklər var. Ən yüksək bilik səviyyəsinə malik müəllimlər azyaşlılara dərs deməlidir fikri ilə razı deyiləm. Yaxşı olar ki, bütün təhsil pillələrində təhsilverənlərin savadı yüksək olsun və hər bir müəllim tədris proqramına yaxşı bələd olsun”.

Diaspora