Azərbaycanda tədrisin digər dillərdə aparıldığı siniflərdə bir sıra fənlər dövlət dilində keçiriləcək. Bununla bağlı tədbirlər planı hazırlanıb. Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 6-da keçirilən mətbuat konfransında prosesin bir sıra detallarını açıqlayıb.
Nazir çıxışında xüsusilə rus bölməsində təhsil alan şagirdlərin Azərbaycan dilində danışa bilməməsini tənqid edib. “Şagird 9-cu sinfə gəlib çatır və görürük ki, ana dilində danışa bilmir”, - deyə o bildirib. Emin Əmrullayev bununla bağlı nəzarət tətbiqinin artırılacağını və 9 il Azərbaycan dili keçən uşaqların Azərbaycan dilində danışa bilməmələrinin səbəbinin araşdırılacağını vəd edib. Məlumata görə, rus sektorlarında bir sıra fənlər Azərbaycan dilində tədris olunacaq.
Qeyd edək ki, bundan əvvəl oxşar mövzu sentyabrın 1-də Azərbaycan Dili və Ədəbiyyatı Forumunda gündəmə gəlib. Forumda çıxış edən nazir Emin Əmrullayev tədris dilindən asılı olmayaraq, Azərbaycandakı bütün məktəblərin Azərbaycan məktəbləri olduğunu bildirib. O əlavə edib ki, Azərbaycanda uşaqların bir çox dillərdə təhsil almaq imkanı var, lakin ölkədəki şagirdlərin 90 faizi ana dilində təhsil almağı seçir. Nazir bunu “sevindirici hal” adlandırıb.
Modern.az tədris digər dillərdə aparıldığı siniflərlə bağlı yeni dəyişikliyin detallarını öyrənmək üçün Elm və Təhsil Nazirliyinə sorğu göndərib.
Nazirlikdən bildirilib ki, ötən illərdə tədris digər dillərdə aparılan siniflərdə təhsil alan şagirdlərin Azərbaycan dilini - dövlət dilini bilmə səviyyəsinin yoxlanılması məqsədilə monitorinqlər aparılıb, nəticələri təhlil olunub. Növbəti illərdə də belə monitorinqlərin aparılması nəzərdə tutulur.
“Şagirdlərin dövlət dilini lazımi səviyyədə öyrənməsinə şərait yaratmaq məqsədilə 2021-2022-ci tədris ilindən tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrinin 5-ci siniflərindən başlayaraq “Azərbaycan dili - dövlət dili kimi” fənninə ayrılan saatlar artırılıb. Hazırda bu proses mərhələli şəkildə davam etdirilir”, - deyə açıqlamada vurğulanıb.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, hazırda ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan X-XI siniflərində “Çağırışaqədərki hazırlıq” fənni, IX siniflərində “Zəfər tarixi”, pilot məktəblərin VIII siniflərində “Ortaq türk tarixi” kursları Azərbaycan dilində tədris olunur. Musiqi fənnində Azərbaycan nəğmələri orijinalda ifa edilir.
“Növbəti illərdə daha hansı fənlərin və dərsdənkənar məşğələlərin dövlət dilində - Azərbaycan dilində tədris edilməsi məsələsi müzakirə olunur”, - deyə məlumatda bildirilib.
Rus bölməsində təhsil alan şagirdlərin ana dilində tədris edilən fənlərin qəbul imtahanı zamanı hansı dildə olacağı da müzakirə edilən mövzulardan biridir. Nazirlik qeyd edib ki, hazırda Azərbaycan tarixi fənnini Azərbaycan dilində öyrənən təhsilalanlar gələcəkdə qəbul imtahanı verərkən onlara həmin fənn üzrə imtahanın Azərbaycan dilində aparılması nəzərdə tutulur.
Emin Əmrullayev mətbuat konfransı zamanı məlumat verib ki, bəzi fənlərin Azərbaycan dilində tədris olunması 100-ə yaxın məktəbdə tətbiq ediləcək.
“Elm və Təhsil Nazirliyinin 13.09.2022-ci il tarixli F-544 nömrəli əmrinə əsasən, 2022-2023-cü tədris ilindən müəyyən edilmiş 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan V siniflərindən başlayaraq “Azərbaycan tarixi” fənni pilot qaydada dövlət dilində - Azərbaycan dilində tədris olunmağa başlayıb. Elm və Təhsil Nazirliyinin 18.08.2023-cü il tarixli 3-29/3-2-509F/2023 nömrəli əmri ilə bu məktəblərin sayı 100-ə çatdırılıb və əmrin surəti həmin müəssisələrə göndərilib. Məktəblər seçilərkən ölkənin bütün bölgələrinin əhatə olunması diqqətdə saxlanılıb”, - deyə nazirlikdən bildirilib.