Sertifikasiya imtahanından kəsilən, növbəti imtahanda isə iştirak etməyən Goranboy rayonunun Düzqışlaq kənd orta məktəbinin ibtidai sinif müəllimi 60 yaşlı Nailə Həsənovanın işinə xitam verilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 59 yaşında imtahanda iştirak edib müvafiq keçid balını toplamayan müəllimlər cari ilin avqust ayında yenidən sertifikatlaşma prosesinə cəlb edilib:
“Həmin müəllimlərin imtahana cəlb olunması ilə bağlı məlumat onların şəxsi kabinetlərinə göndərilib. Goranboy rayon Düzqışlaq kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Nailə Həsənovanın sertifikasiya prosesində iştirakı ilə bağlı məlumat onun şəxsi səhifəsinə göndərilib. Müraciətdə qeyd olunan digər məsələlər araşdırılır”.
Qeyd edək ki, Nailə Həsənova 60 yaşı olduğunu bildirib. Onun sözlərinə görə, məktəb direktoru ona növbəti sertifikasiya imtahanı zamanı 60 yaşı olduğu üçün könüllü şəkildə ərizə yazaraq iştirakdan imtina edə biləcəyini deyib. O isə növbəti imtahan zamanı ərizə yazaraq iştirakdan könüllü şəkildə imtina etdiyi üçün işinə xitam verildiyini söyləyib.