DİM buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirir

DİM buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirir backend

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, eləcə də eksternat qaydasında imtahan verənlər üçün əlavə imtahan keçirir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər. İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunur.

İmtahanların idarə olunması üçün 10 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 71 nəzarətçi-müəllim, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı, 5 bina nümayəndəsi ayrılıb. İmtahanlar bütün binalarda saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 312, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 200 şagirdin iştirakı nəzərdə tutulur. Bundan əlavə, 70 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.

 

 

Diaspora