21-23 avqust tarixlərində 2023-2024-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən APA-ya verilən xəbərə görə, 21 avqust saat 11:00-dan etibarən start veriləcək müddətli müqavilə ilə müəllimlərin işə qəbulu proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada keçiriləcək.
Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ verilir.
Namizədlər 23 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Müddətli müqavilə ilə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.
Xatırladaq ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.