Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun yay məktəbinin işi çərçivəsində Bakı məktəblərinin şagirdlər üçün Çin üzrə dilçilik və regionşünaslıq bir aylıq kursu başa çatıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, dil və mədəniyyət kursu zamanı şagirdlər ənənəvi Çin mədəniyyətinin tarixi və əsas xüsusiyyətləri ilə tanış olmaqla yanaşı, həm də Çin dilində şifahi biliklərini təkmilləşdirib, Çin xəttatlığı və ənənəvi Çin rəssamlığının əsas üslublarının müxtəlif kompozisiyalarını təsvir etmək vərdişlərinə yiyələniblər.
Məktəblilərin şifahi nitq bacarıqlarını təkmilləşdirmək üçün ADU-nun Konfutsi İnstitutunun çinli müəllimləri Çin dilinin tədrisində müasir metodlardan istifadə edərək, Çin filmlərini nümayiş etdirərkən şərh etmiş, Çin tarixi atalar sözləri səsləndirmiş və nağılları danışmış, məktəblilərlə birlikdə səhnəciklər nümayiş etdirmişlər.
ADU Konfutsi İnstitutunun direktoru dosent Rafiq Abbasovun qeyd etdiyi kimi, yay məktəbi çərçivəsində Çinin tarixi və mədəniyyəti ilə bağlı onlayn mühazirələr də keçirilir və bu yaxınlarda Çində Azərbaycan-Çin linqvo-kulturoloji düşərgə öz işini başa çatdırıb. Burada ADU tələbələri Çin dili və incəsənəti üzrə biliklərini təkmilləşdirməklə yanaşı, Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş tədbir keçirib, böyük İpək Yolu üzərində yerləşən müasir, inkişaf edən, tolerant ölkə kimi Azərbaycan haqqında həqiqətləri çinli gənclərə çatdırıblar.
Qeyd edək ki, bu tədbirlər çərçivəsində Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun Çin dilində nəşr etdirdiyi “Heydər Əliyev və Çin” və “Heydər Əliyev-100” kitablarının da təqdimatı olub. Kitablar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub və onun Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqamətində gördüyü işlərdən bəhs edir.