Universitetlərdə kampus yaradılması, paytaxtdan kənara köçürülməsi məsələləri tez-tez gündəmə gələn mövzulardandır. Bir zaman bunun üzərində iş aparıldığı, layihələr hazırlandığı vurğulanır.
Bəs kampuslara ehtiyac nə dərəcədədir və bununla universitetlərin köçürülməsi baş verə bilərmi? Ümumiyyətlə, kampusun yaradılmasına nə mane olur ki, illərdir bu layihə sadəcə sözdə qalıb?
Məsələ ilə bağlı “Trend”in suallarını cavablayan təhsil eksperti Elçin Süleymanov qeyd edib ki, universitetlərdə kampus sisteminin tətbiqi sahib olduğu maddi texniki baza ilə əlaqəlidir.
“Çünki kampus sistemi universitetin bütün binalarının, eyni zamanda yataqxana, texnoparkın və digər binaların hər birinin bir ərazidə olmasıdır. Bizim aparıcı universitetlər isə Bakıda yerləşir və kampus üçün yetəri qədər əraziyə sahib deyillər. Düzdür, bəzi universitetlər kampus sistemi tətbiq edə bilər. Çünki kompakt bir əraziyə sahibdir. Kampus sistemi üçün şəhərdənkənar ərazi daha məqsədəuyğun olar. Bu sistemlə tələbələr səs-küydən uzaq bir mühitdə sadəcə təhsilə fokuslanır”, - deyə o bildirib.
Universitetlərin köçürülməsi məsələsinə toxunan ekspert bunun mürəkkəb proses olduğunu bildirib.
“Universitetlərin köçürülməsi isə uzun və mürəkkəb prosesdir. Bəzi universitetlərin də regionlarda, Bakıdan kənar olması daha məqsədəuyğundur. Universitetin müəyyən regionda olması oranın inkişafına təkan verir. Təbii ki, regionlara görə müxtəlif universitetlər qurula bilər. Amma mövcud universitetlərin köçürülməsindənsə, regionda böyük universitetlərin qurulmasını tövsiyə edərəm”, - deyə o əlavə edib.