Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “Müzəffər Ali Baş Komandan: Sən azadsan, əziz Şuşa” və “Xalqa bağışlanmış ömürdən anlar” adlı kitablar Bişkekdə Ümummilli Liderin adını daşıyan məktəb-gimnaziyaya hədiyyə verilib.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan AZƏRTAC-a bildirilib ki, Fondun sifarişi ilə nəşr edilən “Müzəffər Ali Baş Komandan: Sən azadsan, əziz Şuşa” kitabı 2020-ci il sentyabrın 27-də Prezident İlham Əliyevin xalqa müraciəti ilə başlayır. Kitabda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibələri, bəyanatları, görüşləri və digər materiallar xronoloji ardıcıllıqla verilib.
“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Gəncə Dövlət Universitetinin dosenti, Prezident təqaüdçüsü Bayram Apoyevin "Heydər Əliyev - Tolerantlığın və multikulturalizmin alovlu carçısıdır" sərlövhəli elmi məqaləsi ilə açılır. Kitabda Ulu Öndərin xalqa bağışlanan ömrünün əsas anlarına həsr olunmuş materiallar xronoloji ardıcıllıqla verilib. Həmin materiallarda Ulu Öndərin müsahibə və çıxışları, tanınmış dövlət və hökumət başçılarının, görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin Heydər Əliyev haqqında fikirləri öz əksini tapıb.
Bişkekdəki “Uluu Toolor” nəşriyyatı tərəfindən nəşr edilən “Müzəffər Ali Baş Komandan: Sən azadsan, əziz Şuşa” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarında yer almış bütün materiallar Azərbaycan Dövlət İnformasiya Agentliyindən (AZƏRTAC) götürülüb.
Kitabları qəbul edən Heydər Əliyev adına Məktəb-Gimnaziyanın direktoru Kanıkey Alımkulova çıxışında deyib: “Bu kitablar təkcə məktəbdə təhsil alan şagirdlər üçün yox, həm də məktəbin müəllim heyəti üçün də Heydər Əliyevin mənalı həyat və fəaliyyətini öyrənmək üçün əvəzolunmaz mənbədir”.