Məni imtahana anam hazırlaşdırıb - Yüksək bal toplayan Nurlan

Məni imtahana anam hazırlaşdırıb -  Yüksək bal toplayan Nurlan backend

"Yüksək nəticə əldə etdiyimə görə sevincliyəm. Bu nəticəni gözləyirdik".

 

Bunu Modern.az-a açıqlamasında IV ixtisas qrupu üzrə qəbul imtahanında ən yüksək nəticəni (397 bal) göstərən abituriyent Nurlan Məmmədov deyib.

 

O, yüksək bal toplamasında anasının böyük rolu olduğunu bildirib:

 

"Müəllimlərlə birlikdə hesablamışdıq. Yüksək nəticə əldə edəcəyimi təxmin edirdik. Bu nəticəyə görə valideynlərimə və müəllimlərimə təşəkkür edirəm. Mənim müəllimlərimdən biri də anam olub. Anam biologiya müəllimdir, məni imtahana anam hazırlaşdırıb".

 

Nurlan universitet seçimi barədə hələ dəqiq qərar vermədiyini vurğulayıb:

 

"Universitet seçimimə gəldikdə isə ya Azərbaycan Tibb Universitetini seçəcəyəm, ya da Türkiyədə tibb sahəsində qabaqcıl universitetlərdən birində təhsil alacağam. Yüksək nəticə əldə etmək asan deyil. Bu işdə əziyyətimizi çəkən hər kəsə təşəkkür edirəm".

 

Nurlan Məmmədov 2021-ci ildə biologiya üzrə bürünc, 2022-ci ildə qızıl və 2023-cü ildə yenidən qızıl medal qazanıb, bu il biologiya üzrə beynəlxalq olimpiadaya vəsiqə qazanıb.

 

Qeyd edək ki, 3-4 iyunda keçirilən imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (maksimal olan 400 bal) 2 nəfər – Bakı şəhər 147 saylı Texniki-humanitar təmayüllü liseyin və Bakı şəhər 299 saylı orta məktəbin məzunları göstəriblər.

 

I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə (692.8 bal) Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzununa məxsusdur. O, imtahanın I mərhələsində 295.8, II mərhələsində isə 397 bal toplayıb.

 

IV ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 397 bal toplayan Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni (686 bal) isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu göstərib. O, imtahanın birinci mərhələsində 295.8, ikinci mərhələsində 390.2 bal toplayıb.

Diaspora